Uşaq xəstəliyə yoluxduqda virus və ya bakteriyanın bir növü ilə yoluxur
Uşağın xəstələnməsini gözləmədən, onu peyvənd təqviminə uyğun peyvənd etdirmək mütləqdir. Çünki xəstəliklərin fəsadları ağır, hətta ölümcül ola bilər.
Bu fikri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva söyləyib.
Onun sözlərinə görə, əgər uşaq peyvəndlə qarşısı alına bilinən xəstəlikləri keçirmiş olsa belə yenə də peyvənd edilməlidir: “Bu, çox vacibdir, çünki iki yaşından kiçik uşaqlar bəzi infeksiyaları (hemofil infeksiya, meningit, pnevmoniya) keçirdikdən sonra yetərli dərəcədə təbii immunitet əldə edə bilmirlər. Onların törədicilərin digər ştamları ilə təkrar yoluxması mümkündür. Uşaq xəstəliyə yoluxduqda virus və ya bakteriyanın bir növü ilə yoluxur. Lakin peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox növlərindən qoruyur. Məsələn, Azərbaycanda tətbiq olunan pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 növündən qoruyur. Uşaq qızılca xəstəliyi keçiribsə belə, o qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini ilə peyvənd olunmalıdır, çünki həmin vaksin onu eyni zamanda epidemik parotit və məxmərək xəstəliklərindən qoruyacaq”.
Mərkəzin direktor müavini sonda bildirib ki, heksavaksin uşaqları 6 yoluxucu xəstəlikdən - difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, hepatit B, poliomielitdən qoruyur: “Uşaq həmin xəstəliklərdən hər hansı birini keçiribsə, o, digər infeksiyalara yoluxmamaq üçün həmin peyvəndi təqvimə uyğun nəzərdə tutulan intervallarla üç dəfə almalıdır”.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 21-08-2024, 16:38