mobil versiya

Təyyarə qəzasında xəsarət alan şəxslərdən ikisinin vəziyyəti stabil kritik ağırdır


AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.

Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ötən ilin dekabr ayının 30-da stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb.
Məlumata görə, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həmin şəxsin üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunub. Pasiyentin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Bundan başqa, travmatik koma vəziyyətində daxil olan digər iki pasiyentin kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir. (report)
SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 14:18