mobil versiya

Tokayev: “Biz Azərbaycanı öz müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik”


Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş olub.
Prezidentlərin görüşü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində baş tutub.
Görüşdə Qazaxıstan Prezidenti vurğulayıb ki, onun bu yaxınlarda Bakıya etdiyi səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərində yeni səhifə açıb.
“Səfərinizə və sammitin işində iştirakınıza görə sizə təşəkkür etmək istərdim. Mən ikitərəfli münasibətlərə ayrıca toxunmaq istərdim. Bakıya səfərim zamanı göstərdiyiniz qonaqpərvərliyə görə sizə minnətdarlığımı bildirirəm. Danışıqlarımız məhsuldar keçdi və xaricdəki siyasi və iqtisadi dairələrin diqqətini cəlb etdi. Biz Azərbaycanı öz müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik. Biz həmişə bu xəttə sadiq qalacağıq”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Qazaxıstan Prezidenti bəyan edib ki, Azərbaycan təkcə özünün yerləşdiyi regionda deyil, həm də daha geniş coğrafiyada böyük rol oynayır:
“İndi bizim gündəmimizdə “Orta Dəhliz” adlanan nəqliyyat dəhlizinin inkişafı durur. Biz bu iş formatının davam etdirilməsində maraqlıyıq”.
Görüşdə Qazaxıstan prezidenti mədəni-humanitar sahədə uğurlu qarşılıqlı fəaliyyəti, o cümlədən Qazaxıstan və Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliği istiqamətində bir sıra birgə layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.
“Biz görkəmli Azərbaycan dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin başqa yerə köçürülməsindən danışdıq. Hesab edirəm ki, bizim paytaxtda daha layiqli yer var. Belə bir yer artıq tapılıb, mən onu təsdiq etdim. Sonrası isə artıq zaman məsələsidir”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı qardaş ölkə Qazaxıstana səfərinə görə məmnunluğunu ifadə edib.
“Qardaş Qazaxıstana səfər etməyimə görə çox şadam. Zirvə toplantısında əldə edilən nəticələrə görə sizi təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür”.
Azərbaycan Prezidenti bildirib ki, “Orta Dəhliz” nəqliyyat marşrutunun inkişafı ilə bağlı məsələlər zamanın tələbidir:
“Nə yaxşı ki, istər Azərbaycan, istərsə də Qazaxıstan bu məsələdə hazırlıqlı idi. Çünki bizim ölkələrdə müasir nəqliyyat infrastrukturu yaradılıb. Bu isə öz növbəsində bizə böyük həcmdə yük daşımalarını həyata keçirməyə imkan yaradır. Gələcəkdə isə infrastruktur planlarımızın əlaqələndirilməsi ilə mən hesab edirəm ki, biz Transxəzər marşrutunun ötürücülük imkanlarının genişləndirilməsi üzrə gələcək işləri sinxronlaşdıra bilərik”.
16:22
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Bununla bağlı məlumat Qazaxıstan Prezidentinin rəsmi saytında yerləşdirilib.
Görüş Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində baş tutub.
oxu.az
SİYASƏT
Tarix: 13-10-2022, 16:38