DİQQƏT! Ermənistan KİV-lərinin yaydığı bu məlumat FEYKDİR - İNANMAYIN
Erməni KİV-ləri iddia edir ki, erməni hakerlər Azərbaycan Prezidentinin rəsmi saytını sındırıb, üstəlik sayta şəkillər əlavə ediblər.
Saxta.info bu məlumatların etibarlı olub-olmadığını yoxlayıb.
Qeyd edək ki, erməni informasiya resursları bu məlumatı Qaqik Ambaryan adlı Feysbuk istifadəçisinə istinadən yayıblar. Profilindəki məlumatlarda Ambaryanın Gümrü şəhərində yaşadığı, politoloq, Şirak Dövlət Universitetinin müəllimi olduğu əksini tapıb.
Paylaşımlarından belə aydın olur ki, Ambaryan hökumətin, konkret olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın tənqidi ilə gündəmə gəlib. 2018-ci ildə Şirak Universitetindən qovulan Ambaryan bir müddət sonra məhkəmə yolu ilə sözügedən ali məktəbə bərpa oluna bilib.
Ambaryanın feysbuk hesabında paylaşdığı şəkillərə gəldikdə, ilk baxışdan onların Adobe Photoshop məhsulu olduğu dərhal hiss olunur.
Erməni photoshop “ustaları” dərc edilən fotonun guya Azərbaycan Prezidentinin saytından götürüldüyünü sübut etmək üçüm onun html linkini də əlavə ediblər. Amma diqqətlə baxdıqda onun Prezidentin rəsmi saytındakı təhlükəsizlik sertifikatı olan linkdən fərqləndiyi açıq-aşkar görünür.
Üstəlik, erməni “hakerlər” rəsmi saytda dil bölməsində “RU” olmasına baxmayaraq, guya sındırıldığı bildirilən saytda dil bölməsində “RUS” qeyd ediblər. “Axtarış” bölməsini göstərməyi isə ümumiyyətlə unudublar.
Bundan başqa, dövlətə məxsus internet resursların təhlükəsziliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu günlərdə Prezidentin və digər dövlət qurumlarının rəsmi saytları ilə bağlı problem olmadığını açıqlayıb.
Beləliklə, aydın olur ki, Azərbaycan Prezidentinin rəsmi saytının sındırılması ilə bağlı erməni tərəfinin yaydığı məlumat sadəcə saxta və keyfiyyətsizdir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 16-03-2021, 10:40