mobil versiya

10 yaşlı İqbalın inqilabı – Yüzlərlə uşağı xilas etdi, ölümə razı oldu – FOTOLAR, VİDEO (Tarixdən bir səhifə)



İqbal Mesih… Bu ad bəlkə də çoxunuza ümumiyyətlə tanış deyil. Amma İqbal bu yazıdan sonra hər kəsə danışmaq istəyəcəyiniz bir uşağın adıdır. 

1982-ci il Pakistanda, sənayə şəhəri Muridkedə anadan olan İqbal, ilk zərbəni bundan dörd il sonra alır. Ailəsi onu 4 yaşında 12 dollar borcun qarşılığında işləməsi üçün tacirə verir.

Cəmisi 27 kq çəkisi və 1.20 metr boyu olan İqbal, həftənin 7 günü, hər gün də 14 saat olmaqla qul kimi işlədilir. Onun bir günlük zəhməti sadəcə 3 ABŞ sentinə bərabər tutulur.

Ailəsinin borclanma səbəbi qardaşının toyu idi. Adətə sadiq qalmaq, toyu keçirmək üçün borca girən, xoşbəxt olmaq üçün çalışan qardaşa görə, balaca uşaq kölə edilir.

Minval.info xəbər verir ki, İqbalın həyatı digər yüzlərlə uşaqdan fərqli deyildi. Onlar da ailələrinə kömək etmək üçün istismar edilir, oyuncaqla oynamalı, kitab oxumalı yaşlarında qul kimi çalışırdılar. Balaca, havasız otaqda, yarıçılpaq şəkildə işləyən uşaqların yatacaq yeri də bu toxuma sexləri olur. Çünki yuxu saatlarından başqa digər vaxtlarda ancaq xalça toxuyan uşaqların çarələri yox idi.

Köləlik edən uşaqların bir-biriləri ilə danışmaqları qadağandır. Buna səbəb isə, “Danışan zaman diqqətiniz yayınır, xalçalarda problem ola bilər” deyilməsi idi. Balaca əlləri ilə dayanmadan çalışan uşaqlar boğulsalar da xalça toxunan otaqların pəncərəsi açılmırdı. Çünki kənardan xalçaya zərər verə biləcək böcəklər içəriyə girə bilərdi. Xalçanın zərər görə bilmə ehtimalı uşaqların həyatından daha önəmli idi.

İqbal və digər uşaqlara iş saatlarında ərazini tərk edə bilməzdilər, qadağan idi. Kim qaydanı pozsa, döyülür, işgəncə edilirdi. Xalçanın toxunması zamanı diqqətsizlik etmənin də sonu ağır nəticələnirdi. Ya uşaqlar buna görə döyülürdü, ya da barmaqları cihazlarda kəsilirdi. Məsələn, İqbal həddən artıq yorulduğu üçün iş başında yuxulayır. Bu zaman dəzgah onun barmağının ətini kəsir və barmağı qanayır. Bunu görən xalça ustası, “Əlini oradan götür. Qanın xalçaya bulaşacaq” deyərək bağırır.

Bunun ardından isə guya qanın dayanması üçün qaynar yağı onun barmağının üstünə tökür. İqbalın əlinin bir hissəsi yanır və ağrıdan ağlamağa başlayır. Usta bu dəfə də onu buna görə döyür. Usta üçün kəsilən barmağı sarımaqdansa, qan tez dayansın, xalçalara zərər gəlməsin düşüncəsi üstündür.

Uşaqlara normal yemək də verilmir. Həm yedikləri yeməklər keyfiyyətsiz olur, həm az, həm də pulla verilirdi. Qul uşaqlara verilən yeməklərin xərci onların maaşlarından tutulur və ya borclarına əlavə edilirdi. İqbal və digər uşaqlara az yemək verməyin başqa bir səbəbi də var. Onların kökəlməməsi, barmaqların incə qalması… Çünki ən bahalı xalçaları balaca barmaqları olan uşaqlar toxuya bilərdi.

İQBAL MASİH ile ilgili görsel sonucu

Qul kimi çalışdırılan uşaqların böyük hissəsi müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Buna səbəbi isə havasız otaqda nəfəslərə gedən yun lifləri, toz, zəif qidalanma idi.

6 il qul kimi çalışan İqbal, günlərin birində özü kimi uşaqları xilas etmək, onlara dəstək olmaq üçün fəliyyət göstərən “Bonded Labor Liberation Front” adlı təşkilatın varlığından xəbər tutur və gizli şəkildə onların tədbirinə qatılır.

O, burada öyrənir ki, Pakistan hökuməti 1992-ci ildə “peshgi”ni, yəni sələmçiliyi qadağan edib. 10 yaşlı İqbal bu qanunu özündə əks etdirən sənədləri təşkilatdan götürərək dərhal işlədiyi xalça sexinə yola düşür. Əlindəki sənədləri oranın sahibinə verərək uşaqlara, “Qorxmayın! Əlimdəki sənəd sübut edir ki, biz azadıq. Arxamca gəlin, gedirik” deyə qışqırır. Sex sahibi buna əsəbləşir, amma heç nə edə bilmir. Həmin gün 10 yaşlı İqbal 34 uşağın həyatını xilas edir.

Bu hadisə şəhərdə, ölkədə, hətta dünyada böyük səs-küyə səbəb olur. 10 yaşlıq uşaq özü kimi çalışdırılan uşaqları azad etmişdi. Azadlığa qovuşandan sonra İqbal BLLF-in məktəbinə qatılır və 4 illik tədriz proqramının 2 ilə tamamlayır. Onda digər uşaqlardan fərqli olaraq liderlik xüsusiyyəti var idi. Bunu hər kəs müşahidə edirdi. Təşkilatın “Uşaq istismarı” proqramlarına qatılır, orada haqqlarını, hüquqlarını necə müdafiə edə biləcəyini öyrənirdi.

İQBAL MASİH ile ilgili görsel sonucu

Onun adını artıq bütün dünya bilirdi. Müxtəlif ölkələrdə gələn jurnalistlərə müsahibələr verir, uşaqların qul kimi çalışdırılmasına qarşı çıxır, etiraz edirdi. Öz başına gələnləri bir-bir danışan İqbal, onun kimi həyat yaşayan uşaqlara örnək olurdu.

İsveçrədə, ABŞ-da tədbirlərə dəvət alır, prada çıxışlar edir, uşaq hüquqlarından bəhs edirdi. Yaxşı danışır və insanları tez razı salırdı. Çıxışları, sözləri yaşından qat-qat böyük idi, bu da ona dəstəkləri daha da artırırdı.

İqbalın addımları uşaqları istismar edən digər sahibkarları narahat edir, qorxuya salırdı. Gəlirləri əldən gedəcək, işçilərini itirəcəkdilər. Çıxışlarının birində bu haqda danışan İqbalın dediyi, “İndi işlər dəyişdi. Əvvəllər mən müdirlərdən qorxurdum, indi onlar məndən qorxur” sözləri, onu həm daha da məşhur etdi, həm də ölüm təhdidlərinin sayını artırdı. Digər uşaqları da xilas etmək üçün çalışan İqbalı ölüm təhdidləri qorxutmurdu.
Tədhidlərdən qorxmasa da, ölümünün qarşısını heç kim ala bilmədi. 1995-ci ilin aprel ayının 16-da, 12 yaşlı İqbal əmisini ziyarətə gedən zaman sui-qəsdə uğrayır və öldürülür. Onu özü kimi 800 uşaq son mənzilə yola salır. Məzarı başında yüzlərlə uşaq göz yaşı tökür.

İlgili resim


İqbal bu yolda həyatını qoysa da, yüzlərlə uşağı xilas etsə də, hazırda Pakistanda, Hindistanda uşaq işçilərin sayı minlərlədir. Hələ də fabriklərdə, sexlərdə uşaqlar qul kimi çətin şəraitdə işlədilir, istismar olunur.



SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 18-11-2019, 15:30