İş axtaranlar üçün YENİ SEÇİMLƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə başlanıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən REPORTYOR.AZ-a bildirilib.
Verilən məlumata görə, bu il üçün ilk əmək yarmarkaları Şabran və İsmayıllı rayonlarında təşkil olunub. Hər iki aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 62 müəssisədən 434 vakant iş yeri təqdim edilib.
Cari ildə ölkəmizin 58 şəhər və rayonunda 100 əmək yarmarkasının keçirilməsi planlaşdırılır.
Əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və onlara bu vakant iş yerlərinə göndərişlər verilir, peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər peşə hazırlığına cəlb olunurlar.
Vətəndaşların ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.
Ötən il Dövlət Məşğulluq Xidmətinin keçirdiyi əmək yarmarkalarında 3500-ə yaxın şəxsin məşğulluğu təmin edilib, 300 nəfər peşə hazırlığına, 311 nəfər ödənişli ictimai işlərə cəlb edilib.
SON XƏBƏR / KARUSEL / SOSİAL
Tarix: 31-01-2020, 17:50