Naxçıvanın yeni Baş nazirindən ilk açıqlama
Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib.
REPORTYOR.AZ xəbər verir ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi
2. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov gündəlikdə duran birinci məsələ ilə bağlı deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olub.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirini vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin - Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edib.
Təklif səsə qoyulub və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov yüksək etimada görə Azərbaycan Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək deyib: Ötən dövrdə muxtar respublika böyük inkişaf yolu keçmiş, blokada şəraitində olmasına baxmayaraq iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafına nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manata çatdırılıb, 1 milyard 14 milyon 971 min manat dəyərində sənaye, 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcək. Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, ticarət əməliyyatlarının 86 faizi ixracın payına düşüb. Səhiyyə, təhsil, turizm, rabitə, mədəniyyət, milli və mənəvi dəyərlərimizin qorunması, əhalinin məşğulluğunun təmin olunması sahəsində də ardıcıl tədbirlər görülür. İqtisadiyyatın çoxsahəli inkişafı muxtar respublikada büdcə gəlirlərinə öz müsbət təsirini göstərib, 2020-cil il dövlət büdcəsinin gəlirləri 2019-cu illə müqayisədə 37 faiz, 2018-ci illə müqayisədə isə 56,5 faiz artırılıb".
Səbuhi Məmmədov muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə söz verib.
Ali Məclisin Sədri yeni baş naziri təbrik edib, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramının icrasında uğurlar arzulayıb.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda 2020-ci il 13 mart tarixdə dəyişikliklər edilib. Dəyişikliklər Qanunun mətnində günlərlə müəyyən edilən müddət anlayışının, şikayətə baxılma müddətinin və müvəkkilin səlahiyyətlərinin daha da dəqiqləşdirilməsi məqsədi daşıyır.
Sessiyada müzakirə olunan məsələ ilə əlaqədar hazırlanmış qanun layihəsi oxunmuş və səsə qoyularaq qəbul edilib.
Ali Məclisin Sədri sessiyanın gündəliyində duran üçüncü məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi haqqında olduğunu bildirərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 31-1-ci maddəsinə əsasən İntizam Komissiyası yaradılmalıdır. İntizam Komissiyası Ali Məclisin deputatları sırasından 5 üzvdən ibarət tərkibdə seçilir.
Müzakirə olunan məsələ ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyulub və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyası seçilib.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq deyib: Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin ötən dövründə həyata keçirilən tədbirlər, xüsusilə də insanların sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və iqtisadi sabitliyin qorunması ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Qarşıdakı dövrdə də ümummilli liderimizin yoluna sədaqət muxtar respublikada kompleks inkişafa səbəb olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi: “Liderin vəzifəsidir xalqı qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir... Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası öz işini başa çatdırıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 23-05-2020, 15:13