mobil versiya

Sərt karantin günlərində təcili tibbi yardıma müraciətlərin sayı açıqlandı




Son 2 gün ərzində, həftəsonu qadağaların olduğu müddətdə təcili tibbi yardıma  çağırışların və hospitalizasiyaların sayı artıb.
Bunu “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.


O bildirib ki, sutka ərzində paytaxtda 2 500-ə qədər çağırış icra edilib:

“Arterial təzyiq, nevrotik vəziyyət, nefroloji xəstələrin daşınması və somatik müraciətlər üstünlük təşkil edib”.

TƏBİB rəsmisi eyni zamanda, təcili yardım briqadasının çağırışlara gec gəlməsi ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
“Qapanma ilə bağlı insanları əvvəlcədən məlumatlandırmışdıq ki, apteklər fəaliyyət göstərməyəcək. Müəyyən dərmanlar alınıb evdə saxlanmalı idi. Lakin müşahidə etdiyim o oldu ki, çağırışların sayı həddindən artıq artmışdı. Bu da haqlı ləngimələrə səbəb olurdu. Adi ağrıkəsicinin vurulması üçün belə təcili yardım çağırılıb. Bütün bunları nəzərə alaraq, ləngimələrin olduğunu təkzib eləmirik. Bundan başqa, fərdi nəqliyyat vasitəsi olmayan dializ xəstələrinin də xəstəxanalara aparılıb-gətirilməsi üçün ambulanslardan əlavə nəqliyyat təşkil olunub. Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar daha yaxşı hazırlaşmış olacaq və süni tıxac yaratmayacaqlar. Əgər növbəti qapanmalar olsa, insanlar həmin günlərdə necə davranmaq lazım olması ilə bağlı maarifləndiriləcək. Daha ciddi xəstələr var və belə vəziyyətdə onlar üçün gecikmələr yaranır”.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-06-2020, 13:44