Ramiz Mehdiyev Qurban Məmmədovdan dəstək istəyib? – Rauf Arifoğlu açıqladı
Ramiz Mehdiyev iqtidara qarşı cəbhə açır: toydan sonra ...(nağara) 4-cü məqalə
AMEA prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun saytında sayca 4-cü məqaləsini yazıb. Bir az küskün, bir az qəzəbli, bir az sensasion iddialarla çıxış edib. Görünən budur ki, R. Mehdiyev nəvəsinin toyundan sonra yaxın qohumlarının qandallanmasını bağışlaya bilmir və qələmə sarılaraq iqtidara qarşı ideoloji cəbhə açıb! Cəbhə birbaşa iqtidardakı yeni komandaya qarşı açılıb, lakin hələlik hədəf jurnalistlər və mücərrəd obrazlardır...
Hakimiyyət düşərgəsi, yeni islahatçı komanda isə onu iqnor edir! "Qoca kişidir də" taktikası ilə onun yazdıqlarının üstündən keçilir.
Əslində, heç də xoşa gəlməyən bir səhnə ilə üz -üzəyik! “Boz Kardinal” tək qapıya oynayır! 4-cü qolunu atıb, üstəlik, görünən budur ki, iqtidar qapısı boş qoyulduqca yeni qollar atmağa da həvəslidir...
Bizə görə, hakimiyyətin yeni ideoloqlarının seçdikləri taktika yanlışdır və Ramiz Mehdiyevə özünü reabilitasiya imkanları yaradır. Üstəlik, rəsmi və hakimiyyətin sözünü eşidən media quruluşlarını təsirsizləşdirib, prosesdən aralayıblar: onlara imkan və icazə verilmir ki, Ramiz Mehdiyevin məqaləsi barədə yazsınlar, onu tənqid və təftişə məruz qoysunlar. Belə bir şəraitdə təcrübəli Mehdiyev həssas nöqtələri vurur, özünə qarşı illərdir irəli sürülən iddiaları bir-bir cavablayıb, təsirsizləşdirir. Adam tarix və gələcək qarşısında 26 ilin günahlarından silkinir, bütün suçu üstündən atır, hakimiyyət ideoloqları isə ona daha geniş meydan verir. Toydan sonrakı hüquq mühafizə orqanlarının qətiyyətli addımları, Mehdiyevin harın qohumlarının qandallanması prosesinin davamı informasiya siyasəti ilə dəstəklənməli idi, lakin tam tərsi müşahidə olunur. Bu ideya hakimiyyətin hansı nümayəndəsinə, kimə məxsusdur, bilmirəm, amma akademikin qabağından qaçmaq, onu cavabsız buraxmaq cəmiyyətdə fərqli qəbul olunur və Ramiz Mehdiyevi gücləndirir. Onun qohumlarına qarşı həyata keçirilən hərəkəti isə haqsız çıxarır...
Ramiz Mehdiyevin yazılarının hamısının əsas bir xətti var: özünü bütün neqativlərin, günahlandırmaların fövqündə göstərmək! Bu adam özünün qurduğu informasiya və media siyasətini kəskin tənqid edir və iddia edir ki, bu məsələlərin ona dəxli yoxdur. Beləcə, digər sahələri də bu cür tənqid edir və özünü elə təqdim edir ki, sanki o, bu hakimiyyətdə sıradan bir məmur olub, konkret və məhdud bir sahəyə rəhbərlik edib. Nəyəsə qarışmaq və nələrinsə qarşısını almaq üçün əlində heç bir səlahiyyət olmayıb. Az qala özünü bu iqtidara qarşı gizli dissident obrazında təqdim edir; yazılarında belə ştrixlər də var! Cavab olmasa, bu xətti də genişləndirəcək! Heç bir müqavimət olmadığı üçün get-gedə həvəslənir, iddiaları daha da kəskinləşdirir, daha da irəli gedir...
Ramiz Mehdiyev açıq-aydın özünə aid olan bütün məsuliyyəti, səhvləri və yanlışları ölkə rəhbərinin üzərinə atır, onu ictimai rəyə hədəf göstərir.
Bütün neqativlərin günahını özündən uzaqlaşdıran Mehdiyev hazırda sosial şəbəkələrdən, radikal müxalifətdən və mühacir mediasından dəstək alır, onlara istinadla yazır, həmin auditoriyanın simpatiyasını qazanmağa, orada mövqe sahibi olmağa çalışır. Mühacirət mediasının ən təsirli nümunəsi hesab olunan Qurban Məmmədov “Musavat TV” kanalına deyib ki, Ramiz Mehdiyev onun rəhbərlik etdiyi "Azerfreedom" televiziyasına çıxmaq təşəbbüsü göstərib. Yəni bu kanal vasitəsilə iqtidarı şantaj edib ki, hər şeyə getməyə hazırdır...
(Bax bu videoya)
[media= https://youtu.be/XWXNMvbFOVU)]
****
Ramiz Mehdiyev hər yazısında "satqınlar" və "satqınçılıq" terminlərindən istifadə edir. Akademikin təqdimatına görə, sonradan İlham Əliyevin tərəfinə, Heydər Əliyevin qurduğu iqtidarın xəttinə keçən, hər hansı səbəbdən Prezidenti dəstəkləyən müxalifətçilər və jurnalistlər satqındırlar. Dolayı məntiq isə deyir, satqınçılıq düşmən tərəfə keçmə aktıdır. Ramiz Mehdiyev özünün də 26 il təmsil olunduğu bir iqtidarı xalqa və ölkəyə düşmənmi bilir? Bunumu demək istəyir? İqtidar düşərgəsindən müxalifətə keçən tanınmış simalara qarşı bircə neqativ ifadə işlətməyən Mehdiyev niyə Azərbaycan prezidentini dəstəkləyən media mənsublarına və siyasi xadimlərə qarşı bu cür aqressivdir? Bu, açıq-aydın şantaj hərəkətidir. Üstəlik, nəzərə alsaq ki, bu adam ömrünü öz ölkəsinin maraq və mənafelərini Rusiyanın maraq və mənafeləri ilə uzlaşdırmağa (ən yumşaq desək) həsr edib, onun iddialarının nə dərəcədə gülünc olduğunu anlayarıq. Bu adam milli istiqlal, azadlıq və islam düşməni olub, indi öz tərcümeyi halının tam əksinə bir davranış nümayiş etdirir, əqidəli ateist olduğu halda Peyğəmbər əfəndimizdən, “Qurani-Kərim”dən sitatlar gətirir, arqument yaratmaq üçün hər əmələ baş vurur. Mehdiyev əqidəli, təmiz və dürüst, yerdə qalanlar satqın, əqidəsiz və yalançıdırlar? Akademik məhz belə bir tablo cızır...
İlk anlarda durdurulmalı olan yaşlı akdemik artıq özü üçün elə bir situasiya yaradıb ki... "Cin şüşədən çıxdı" ifadəsi var, bu mümunədə çox yerinə düşür... İşdən çıxarılsa da, çıxarılmasa da, hətta qoluna qandal vurulsa da (hərçənd ona qarşı bu variant mümkünsüz hesab olunur), bu fraqmentin qalibi kimi aparır özünü...
Ümumiyyətlə, hazırda hakimiyyət çarpaz informasiya müharibəsi altındadır. Onun siyasi rəqibləri - xüsusilə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və mühacirət mediası Ramiz Mehdiyevin solosunu kopellaya çevirməkdədirlər. İqtidar düşərgəsindən, hətta zəif də olsa, əks addımlar, cavablar, əks-hücumlar yoxdur; müdafiə də qurulmur, buna cəhd də yoxdur... İndiki vəziyyətdə bu cür qeyri-müəyyənlik taktikası faydalı deyil, nəticə tam tərsinə ola bilər.
Rauf Arifoğlu
“Yeni Müsavat” qəzetinin baş redaktoru
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 2-09-2020, 08:49