mobil versiya

Cəbhədə dəhşətli döyüşlərə doğru... - Qarabağda anti-terror əməliyyatı və Ermənistanın ŞOK PLANI



Dünən gecə PUA hücumu, bu gün səhər ordumuzun şəhid verməsi və son hadisələr “müharibə başlayırmı” sualını aktuallaşdırdı.

Müdafiə Nazirliyi işğalçı ölkənin sərhəddə və təmas xəttində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirdiyini açıqlayıb. Baş verənlərlə bağlı ictimaiyyətə detallı məlumat verilməsə də, MN-nin rəsmi açıqlamada “düşmən tərəfi ağır itkilərə məruz qalıb” qeydi ciddi döyüşlərin getməsindən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyanın baş verənləri gizlətmək məqsədilə verdiyi açıqlama da düşmənin ağır itkilər verdiyi fikrini gücləndirir.

Şuşan deyir ki, Azərbaycan Ordusunun şəhid verməsi haqda məlumatsızdırlar.

Bu, döyüşlərin olduğunu erməni ictimaiyyətindən gizlətmək məqsədi daşıyır, əksini demək ermənilərin “real vəziyyəti açıqlayın, itkilərimiz nə qədərdir” kimi suallarının yaranmasına şərait yaradacaq.

Şuşan digər cümləsində toqquşmanın olduğunu dolayısı ilə təsdiqləyir: “Biz dəfələrlə bildiririk ki, Ermənistan-Azərbaycan sərhədində risklərin azaldılması üzrə mexanizmlərin yoxluğu gərginliyə imkan yaradır”.

Tovuz döyüşlərində “Azərbaycanı hücum edən tərəf kimi” göstərmək cəhdləri baş tutmayan Ermənistan bu dəfə “mexanizmin olmaması” əsası ilə hücumunu gizlətməyə çalışır.

Bu hücumun 21 sentyabrda – Ermənistanın müstəqillik günündə edilməsi də zamanın təsadüfi seçilmədiyini göstərir. Diqqətçəkən məqam isə bu gün Paşinyanın İrəvanda qondarma “dqr”in rəhbəri Araik Arutunyanı qəbul etməsidir. Müstəqillik günü ilə bağlı İrəvana gələn Aratunyanın Paşinyanla görüşündə Dağlıq Qarabağ cəbhəsindəki vəziyyətin müzakirə edildiyi şübhəsizdir.

Mümkündür ki, Paşinyan Arutunyanla Tovuz istiqamətində təxribatlara paralel olaraq Qarabağdan da hücum edilməsi planını müzakirə edir. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında düşmənin hər iki cəbhədə vəziyyəti gərginləşdirdiyi qeydi də bunu təsdiqləyir.

Lakin Tovuzdan hücumların edilməsinin hərbi müstəvidə bir neçə səbəbi var:

1. Ehtiyatda olan hərbiçilərin orduya çağırılması, hərbi təlimlərə başlanılması və Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsində münaqişəyə dair verdiyi mesajlar Azərbaycanın Dağlıq Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyi ehtimalını gücləndirdi. Ermənistan Qarabağda təxribat hücumlarla Azərbaycanı qabaqlamaq istəyir.

2. Qarabağda mümkün müharibədə beynəlxalq hüquqa əsasən Azərbaycan haqlıdır və verilən mesajlar, atılan addımlar münaqişənin həllində hərbi variantın ön plana çıxdığını göstərir. Ermənistan Tovuzdan hücum etməklə Azərbaycan Ordusunun anti-terror əməliyyatında diqqətini ikinci cəbhəyə yönəltmək, sərhəd toqquşması üzərindən Rusiya başda olmaqla KTMT-ni müharibəyə cəlb etmək və beynəlxalq arenada “Azərbaycanı hücum edən tərəf kimi” göstərmək istəyir. Dünən gecə ordumuz tərəfindən məhv edilən erməni PUA-sının hədəfi də sərhəd istiqamətində gərginliyi artırmaq idi.

Baş verənlər müharibənin kandarında olduğumuza dəlalət edir və bu kontekstdə Prezident İlham Əliyevin son müsahibəsində “Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək... Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur” sözləri hərbi həll variantının qaçılmaz olduğunu və hadisələrin mümkün inkişafını təxmin etməyə imkan verir.

(Publika.az)


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 22-09-2020, 01:05