mobil versiya

8 məmur Hindistanda ITEC təlimində iştirak edib


Hindistanın Müstəqilliyinin 75-ci ildönümünün başa çatması ilə bağlı “Azadi Ka Amrit Mahotsav” tədbirləri çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) 2022 gününü qeyd etmək məqsədilə tədbir təşkil edib. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və digər nazirliklərin rəsmiləri, ITEC proqramının məzunları, Hindistanın Azərbaycanda fəaliyyət göstərən icma birliklərinin rəhbərləri və hind icmasının tanınmış üzləri və KİV nümayəndələri iştirak ediblər.

Hindistanın Müvəqqəti İşlər Vəkili Vinay Kumar çıxışında Azərbaycanın, o cümlədən tərəfdaş ölkələrdən olan iştirakçıların potensialının artırılmasında ITEC proqramının əhəmiyyətini vurğulayıb. O, Hindistanın müstəqilliyinin 75-ci ilinin başa çatması ilə əlaqədar Hindistan hökuməti tərəfindən “Azadi Ka Amrit Mahotsav”   təşəbbüsünün qeyd edilməsi barədə toplaşanlara məlumat verib. O, həmçinin 2022-ci ilin yanvar-avqust aylarında iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 159,5% artaraq 1,528 milyard ABŞ dolları məbəlğinə çatdığını qeyd edib.

Tədbir zamanı  nümayiş etdirilən ITEC haqqında qısametrajlı filmdə Hindistanın Xarici İşlər Naziri Dr. S. Caişankar vurğulayıb: “Hindistanın tərəqqi və inkişaf sahəsində əməkdaşlığı Hindistanın xarici siyasətinin əsas komponentidir. Bu proqram, şərtsiz təklif olunur və tərəfdaşlıq, qarşılıqlı fayda və həmrəylik prinsiplərinə söykənir. Hindistan hesab edir ki, dünyanın inkişafı və rifahı  vahid və bölünməzdir. Hamımız birlikdə inkişaf edirik”. Hindistanın Xarici İşlər üzrə Dövlət Naziri möhtərəm cənab V. Muraleedharan   isə qeyd etdi: “ITEC proqramı istər kənd təsərrüfatı, kənd yerlərinin inkişafı, idarəetmə, bank işi, istərsə də ətraf mühitin dayanaqlılığı və iqlim dəyişikliyi olsun, tələbat üzərində qurulub. Ayurveda və yoqa üzrə qədim biliklərimizi bölüşməklə yanaşı, ITEC proqramı, həmçinin Hindistanın qlobal miqyasda qəbul edilmiş təcrübəsini də bölüşür”.

Tədbir zamanı ITEC-in Azərbaycandan olan məzunları Hindistanda ITEC təlimi zamanı yaddaqalan təcrübələrini bölüşərək, ITEC təlimi zamanı əldə etdikləri bilik və bacarıqlardan öz işlədikləri sahələrdə istifadə etdiklərini diqqətə çəkiblər.

ITEC Proqramı çərçivəsində Hindistan Hökuməti bir çox sahələr üzrə 300-dən çox qısamüddətli və orta müddətli kurslarda Hindistanın ən yaxşı institutlarında tam maliyyələşdirilən təqaüdlər təqdim edir. Hər ill, 30-a yaxın azərbaycanlı ITEC təqaüdçüsü müxtəlif ITEC kurslarında iştirak etmək üçün Hindistana gedir. Pandemiya dövründə bu təlim proqramları onlayn rejimə keçirilib və artıq 200-dən çox azərbaycanlı iştirakçı e-ITEC proqramlarında iştirak edib. Hal-hazırda, səfər məhdudiyyətlərinin yumşaldılması ilə əlaqədar rəsmi ITEC proqramları yenidən işə salınıb və 8 Azərbaycan məmuru artıq son bir neçə ay ərzində Hindistanda ITEC təlimində iştirak edib.

Bundan əlavə, Hindistan hökuməti Azərbaycan rəsmilərinin xarici diplomatlar üçün peşəkar kurslarına, eyni zamanda tələbələr üçün müxtəlif təlim proqramlarına, o cümlədən Hindistan Mədəni Əlaqələr Şurasının (ICCR) təqaüdləri və hind dili tədrisi çərçivəsində təlimlərə sponsorluq edir.

ITEC kurslarına 25-45 yaş arasında olan Azərbaycan dövlət məmurları müraciət edə bilər. Müraciət edənlərdən onlayn ərizə formasını doldurmaları və doldurulmuş formanın çap olunmuş şəkildə müvafiq Nazirlik vasitəsilə Səfirliyə təqdim etmələri tələb olunur. ITEC/e-ITEC kursları, Qaydalar və şərtlər və s. haqqında ətraflı məlumatı https://www.itecgoi.in  saytında əldə edə bilərsiniz.

Reportyor.az 


CƏMİYYƏT
Baxılıb: 50 Tarix: 22-09-2022, 21:01



Şərh bildir
yenilə, əgər kod görünmürsə