mobil versiya

Sabun və ya antiseptik - Koronavirusu nə daha yaxşı öldürür?



Nə qədər ki, vaksin yoxdur, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bizdən tələb olunan əsas şey gigiyenadır. Hər hansı ictimai yerləri ziyarət etdikdən, ictimai və şəxsi nəqliyyat vasitəsindən istifadə etdikdən, qapı tutacaqlarına, pula toxunduqdan sonra, yeməkdən əvvəl əllərinizi yumaq məsləhətdir. Lakin bunu düzgün etmək lazımdır — əllər sabun və ya antiseptik vasitə ilə yuyulmalıdır.

Əllər nə ilə təmizlənməlidir?

Əczaçılıq sənayesinin əl üçün bir çox müxtəlif antiseptiklər təklif etməsinə baxmayaraq, alimlərin fikrincə, ən effektiv vasitə sabun və isti sudur. ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərin idarə edilməsi və profilaktikası Mərkəzinin (CDC) tövsiyələrində bildirilir ki, antiseptiklərdən yalnız əlləri sabunla yumaq mümkün olmadıqda istifadə olunmalıdır.

Sabun koronavirusu necə məhv edir?

SARS-CoV-2 birzəncirli RNT ehtiva edən virusdur. Ribonuklein turşusunun zənciri zülal qatı ilə örtülüb. Kapsid adlanan həmin qabıq da iki lipid qatı (yağlar və yağabənzən maddələr) ilə əhatə olunub.  Taca bənzəyən zülal “tikanlar”ı elə məhz onlardan çıxır.
Sabun lipid qabığını dağıdır və virus suda həll olunur. Sabun hətta tamlığını qoruyub saxlayan patogen hissəcikləri də dəridən qoparır, onlar köpüklə birlikdə asan yuyulur.

Əlləri düzgün yumaq vacibdir

Su nə qədər isti olsa, bir o qədər yaxşıdır. Hər hansı bir xüsusi sabuna da ehtiyac yoxdur. Əsas odur ki, sabun yaxşı köpüklənsin. Çünki virus köpüklə yuyulub gedir.

Sabunun virusun qabığını dağıtması üçün ən azı 20 saniyə vaxt lazımdır. Sabun köpüyü biləkləri və  ovucun arxa tərəfi də daxil olmaqla, əlləri tamamilə örtməlidir, eləcə də barmaqların arasına və dırnaqların altına nüfuz etməlidir.

Əgər sabun və su yoxdursa

Bu halda, mütəxəssislər, SARS-CoV-2-ni 30 saniyə ərzində öldürən  etanol əsasında olan sanitayzerləri və ya antiseptik maddələri tövsiyə edirlər.

Ona görə antiseptik ilə təmizlədikdən sonra əlləri dərhal silmək lazım deyil, qoyun özləri qurusun.

Alimlərin fikrincə, dezinfeksiyaedici vasitədə etanol 70% - dən az olmamalıdır, CDC-nin tələblərinə əsasən isə 60%  olmalıdır.
Araşdırmalar göstərir ki, yağ və kir antiseptiklərin təsirini zəiflədir, ona görə əlləri əvvəlcə sabunla yumaq daha yaxşıdır. Bundan əlavə, spirt sanitayzerlərindən tez-tez istifadə etmək olmaz, onlar sabundan fərqli olaraq dərini qıcıqlandıraraq, onu virusa daha həssas edir.

Özün hazırla

ÜST-nın saytında dezinfeksiya vasitələrini müstəqil düzəltmək üçün təlimat yerləşdirilib. Bunun üçün  80% etanol və ya 75% izopropanola 1,45% qliserin və 0,125% hidrogen peroksid əlavə etmək lazımdır.

Spirt və hidrogen peroksid infeksiyanı öldürür, qliserin isə dərini nəmləndirir. Lakin istənilən başqa  nəmləndirici vasitələrdən də, məsələn, aloe veradan da istifadə etmək olar.

Nəm salfetlər

Əlinizin altında antiseptik yoxdursa, spirtli salfetlər köməyinizə çata bilər. Lakin alimlər hesab edirlər ki, SARS-CoV-2-ə qarşı benzalkonium xloridinə əsaslanan antibakterial salfetlərdən istifadə etməyin faydası yoxdur.

MARAQLI / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Baxılıb: 79 Tarix: 5-04-2020, 15:53


Şərh bildir
yenilə, əgər kod görünmürsə