mobil versiya

Rasim Məmmədovun məhkəməsində qalmaqal


"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov və onun ailə üzvlərinə məxsus əmlakların qiymətləndirmə sənədləri araşdırılıb.
Musavat.com xəbər verir ki, Rasim Məmmədov, onun ailə üzvləri, yaxın qohumlarının adına rəsmiləşdirmiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337.55 kv yaşayış evi 331 min manat, Mərdakan qəsəbəsində daha bir ev 223 min manat dəyərləndirib.
Bundan başqa, elan olunan sənədlərdə qeyd olunub ki, Rasim Məmmədovun ailə üzvlərinə məxsus Parlament küçəsində olan qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub.
Rasim Məmmədov deyib ki, bu hadisələr baş verəndən sonra ona və ailə üzvlərinə məxsus 22 milyon manatlıq əmlakı alqı-satqı yolu ilə satılıb. Onun sözlərinə görə, həmin əmlaklar bəzi borcların bağlanması üçün satılıb. Qeyd edib ki, bu gün işdə üzərinə həbs qoyulan əmlakların bir çoxu yoxdur, həmin əmlakların başqa sahibləri var.
Daha sonra səslənən sənədlərdə göstərilib ki, Ziya Bünyadov prospektində 2 min 600 kv qeyri yaşayış sahəsinin, Sabunçu qəsəbəsi, Maykoviski küçəsində yerləşən iki qeyri yaşayış sahəsinin üzərinə də həbs qoyulub. Hakim deyib ki, Sabunçu qəsəbəsində olan əmlaklar 120 min manat miqdarında qiymətləndirilib.
Bundan başqa, Şüvəlan qəsəbəsində bağ sahəsinin, Nəsimi rayonu, Azadlıq prospekti 54 ünvanında qeyri-yaşayış sahəsinin, Azadlıq prospekti 54A ünvanında mənzilin üzərinə həbs  qoyulub.
Daha sonra sənədlərdən məlum olur ki, Rasim Məmmədova məxsus olduğu iddia olunan Yasamal rayonu, Şərifzadə küçəsində qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulub, əmlak 2 milyon manat dəyərində qiymətləndirilib.
Daha sonra hakimlər Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adına Abbasqulu Abbaszadə 108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin də üzərinə həbs qoyulduğunu, məktəbin 22 milyon 487 min 150 manat qiymətləndirildiyi açıqlanıb.
Rasim Məmmədov isə deyib ki, məktəbin 50 faizi onlara, digər 50 faizi isə başqa şəxsə məxsusdur. Rasim Məmmədovun vəkilləri isə deyib ki, ittiham aktında məktəbin 24 milyon manat qiymətləndirildiyi göstərilib.
Hakim həmçinin deyib ki, işdə “Baku Steel Company” MMC-nin rəhbərinin 1-ci müavini olmuş Çingiz Həsənova məxsus əmlaklar var, həmin əmlakların hamısı Çingiz Həsənovun öz adına olub. Hakim deyib ki, Çingiz Həsənovun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb. Bu səbəbdən həmin əmlakların siyahısını açıqlamayıb.
Daha sonra iş materiallarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində Rasim Məmmədova məxsus "No FE ROS" MMC-nin yerləşdirdiyi torpaq sahəsinin üzərinə həbs qoyulub. Bildirilib ki, həmin torpaq sahəsi 10 milyon manat, şirkətin avadanlıqları isə 25 milyon 800 min manat miqdarında qiymətləndirilib.
Rasim Məmmədov deyib ki, sənədlərdən həm torpaq sahəsinin, həm də şirkətin avadanlıqlarının üzərinə həbs qoyulduğu məlum olur. Rasim Məmmədov bildirib ki, həmin torpağın üzərinə həbs qoyulması qanunsuzdur, çünki həmin torpaq sahəsi dövlətə məxsusdur.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi xidmətindən əmlaklara bağlı verilən sənəd elan olunub. Həmin sənəddə əmlakların alınma tarixi və sahiblərinin adları qeyd olunub.
Sənəddə qeyd olunub ki, Xətai rayonu, Tağıyev küçəsində 2 min 600 kv əmlak kompleksin üzərinə həbs qoyulub, həmin əmlak Rasim Məmmədovun atası Hikmət Məmmədovun adına olub.
Bundan başqa, Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küçəsində bir neçə mənzilin üzərinə həbs qoyulduğu qeyd olunub, həmin mənzillərin Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova məxsus olduğu qeyd olunub.
Rasim Məmmədov deyib ki, İsmayıl Bəy Qutqaşınlı küçəsində yerləşən mənzil həyat yoldaşına atasından miras qalıb.
Xatırladaq ki, Rasim Məmmədov, onun ailə üzvləri və yaxın qohumlarının məxsus olan üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 70 milyon manatdır.
İş materiallarında Sulutəpə qəsəbəsində də Rasim Məmmədova məxsus əmlakın üzərinə həbs qoyulduğu göstərilsə də,
o, həmin ərazidə ümumiyyətlə əmlakı olmadığını bildirib. O, özünün, atasının və qayınatasının bağ evləri olduğunu və həmin bağ evlərinin hamısının “Baku Steel Company”dən öncə alındığını deyib.
Üzərinə həbs qoyulan əmlaklar arasında Rasim Məmmədovun özü, həyat yoldaşı Mehriban Məmmədova, qayınatasına məxsus əmlaklar var. Vəkili Zibeydə Sadıqova bildirib ki, istintaq orqanının təqdimatı əsasında məhkəmənin qərarı ilə Rasim Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub.
Lakin həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dair heç bir sübut ortaya qoyulmayıb: “Baxmayaraq ki, həmin əmlaklar əvvəl əldə olunub, iş materiallarında onların əldə olunması sonrakı dövrə rəsmiləşdirilib.  Bütün bu hallarla bağlı şikayət vermişik. Təəssüf ki, təmin olunmayıb. Apellyasiya şikayəti versək də, həmin şikayətimiz də təmin edilməyib”.
Rasim Məmmədov da üzərinə həbs qoyulan əmlaklarla bağlı narazılığını bildirib. O deyib ki, həyat yoldaşına atasının bağışladığı əmlakların üzərinə belə həbs qoyulub: “Atasının bağışladığı əmlakın da üzərinə həbs qoyulub, bu nə deməkdir? Yaxud da yoldaşımgil üç bacıdırlar, bir bacıya görə atanın bütün əmlakına həbs qoyulub, bundan digər iki bacı da əziyyət çəkir".
Məhkəmədə məlum olub ki, Rasim Məmmədovun Səməd Vurğun küçəsində yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki, həmin mənzillərdən birini 2003-cü ildə alıb, ikinci mənzili isə 2009-cu ildə müğənni Aygün Kazımovadan alıb. Bildirib ki, həmin binada nazirdən tutmuş, müğənniyə qədər çox adam yaşayırdı.
Növbəti proses noyabrın 21-də davam edəcək.
Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.
 
E.Məmmədəliyev,
Musavat.com

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / CƏMİYYƏT
Tarix: 18-11-2022, 18:52