BBC: “Rusiya Nikolayev vilayətində ukraynalıları susuz qoymaq istəyir”
BMT ekspertləri rus qoşunlarının aprel ayında Nikolayevə gedən boru kəmərini qəsdən, diversiya nəticəsində məhv etdiyini bildiriblər. O vaxtdan bəri Ukraynanın cənubundakı bu şəhərin sakinləri təmiz içməli sudan məhrum qalıb.
Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu ilin aprel ayında Ukrayna mediası Rusiya qüvvələrinin Nikolayev şəhərinin yeganə su borusuna vurduğu ziyanı əks etdirən görüntüləri dərc etmişdi. BBC bu iddianı dəstəkləyən peyk görüntülərini və sosial mediadan çəkilmiş fotoşəkillərin analizini aparıb. Ekspertlər boru kəmərinin ən həssas yerdə - yerin altından səthə çıxdığı bölgədə zədələndiyini aşkarlayıblar.
Jurnalistlər borunun peyk fotoşəkillərini hərbi məhkəmə eksperti Kris-Kob Smitə göstəriblər. Onun sözlərinə görə, boru kəmərinin havadan atəş nəticəsində təsadüfən zədələnməsi ehtimalı azdır, çünki yaxınlıqda xarakterik mərmi kraterləri yoxdur.
Ekspertin qənaətinə görə, dağıntı borunun altına və ya üstünə bilərəkdən partlayıcı qurğunun yerləşdirilməsi nəticəsində baş verib. Digər britaniyalı təhlükəsizlik eksperti Maykl Uilan da bu fikirlə razılaşıb.
Analitiklər, mülki əhalinin həyatı üçün vacib olan resursların məhv edilməsini beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriblər.
Rusiya işğalından sonra Ukraynanın nəzarətində qalan və cəbhə xəttinə yaxın olan Nikolayev tez-tez atəşə tutulur. Təmiz içməli su üçün növbəyə durmaq şəhər sakinləri üçün son dərəcə təhlükəli hal almağa başlayıb.
DÜNYA
Tarix: 26-10-2022, 15:33