mobil versiya

Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıblar


Cüdo üzrə Azərbaycan milli komandası Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında iki medal qazanıb. APA-nın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov və Hidayət Heydərov “Gündoğar ölkə”də mükafatçılar sırasına düşüblər. 
R. Orucov həlledici görüşdə Rio-2016-nın finalında uduzduğu yaponiyalı Şohei Ono ilə qarşılaşıb. 
Gərgin keçən döyüşdə yenə məğlub olan Olimpiya mükafatçımız ikinci yerlə kifayətlənib. Bu, R. Orucovun dünya çempionatlarında ikinci medalıdır. O, 2 il öncə Budapeştdə digər yaponiyalı Soiçi Haşimoto ilə final qarşılaşmasında da uduzaraq, ikinci yeri tutub. 
Dünya reytinqinin birincisi olan idmançı həlledici görüşədək belaruslu Vadim Şoka, yunanıstanlı Georgios Markaryan, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edib. 
O, yarımfinalda yığmamızın digər üzvü Hidayət Heydərovdan da üstün olub. Sonuncu macarıstanlı Friqis Sabo, rusiyalı Musa Moquşkov, böyük britaniyalı Erik Ham və tacikistanlı Behruzi Xocazodaya qalib gəlsə də, əsas rəqibi hesab olunan R. Orucovla bacarmayıb.
Tokiodakı Azərbaycan duelində məğlubiyyətə baxmayaraq, H. Heydərov 3-cü yer uğrunda mübarizəni davam etdirib. Ötən il Bakıda qazandığı bürünc medalı qorumaq üçün tacikistanlı Somon Maxmadbekovla güləşən təmsilçimiz çətinliklə də olsa qalib gəlib. O, rəqibini qızıl xalla üstələyib. 
Qadınlardan ibarət Azərbaycan millisinin monqolustanlı legioneri İsinxorlu Munxtsedev (57 kq) isə mundialla erkən vidalaşıb. O, ilk qarşılaşmada panamalı Miryam Roperə uduzub.
Qeyd edək ki, yarışın ilk 2 günündə 6 cüdoçumuz medalsız qalıb.
/APA/ 
#cudo #idman #medal










İDMAN
Tarix: 27-08-2019, 18:21