mobil versiya

Dünya ölkələrində enerji inflyasiyası nə qədər artıb? - VİDEO



İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, enerji qiymətləri ən çox Türkiyədə artıb. İyulda ölkədə illik enerji inflyasiyası 143 faiz təşkil edib. Estoniya 87 faizlə ikinci yeri tutarkən, Macarıstan 4 faizlə illik enerji inflyasiyasının ən aşağı olduğu ölkə olub. 
Digər ölkələrdə illik enerji inflyasiyasına nəzər salsaq, Hollandiyada 68%, Yunanıstanda 51%, Danimarkada 43%, Almaniyada 36%, Fransada isə 29%-lik nəticə ilə qarşılaşarıq.
Bir sözlə, Rusiya qazı kəsdi, Avropa enerji böhranı ilə üz-üzə qaldı. Bir-birinin ardınca yeni qənaət tədbirləri elan edən Avropada həbs cəzaları belə gündəmə gəlir, nəhəng fabriklər qapılarını bağlayır, şirkətlər iflas edir.
Yunanıstanda enerji böhranı ilə mübarizədə görülən qənaət tədbirləri səbəbindən Afina bələdiyyəsinin binasının işıqlandırılması məhdudlaşdırılıb. Belə ki, bələdiyyə binasının işıqları axşam saatlarında söndürüləcək. Enerjiyə qənaət etmək üçün digər binaların səthindəki işıqlandırmanın söndürülməsi və təhlükəsizlik məqsədilə yalnız binanın ətrafındakı işıqlardan istifadə edilməsi qərara alınıb.
Fransanın elektrik ötürücü şəbəkəsi 2022-2023-cü illərin qışı üçün ssenarilərini tərtib edib və gələn qışda elektrik sisteminə ciddi təzyiq riski vurğulanıb. Qeyd olunub ki, əksər hallarda ölkə səviyyəsində elektrik enerjisi istehlakını 1 faizdən 5 faizə, ekstremal meteoroloji şəraitdə isə 15 faizə qədər azaltmaqla qarşısını almaq mümkündür. “Enerjiyə qənaət planı” çərçivəsində enerji istehlakını keçən illə müqayisədə 10 faiz azaltmağı hədəfləyən Fransa qənaət məqsədilə iş yerlərində kondisionerlərin ən aşağı 26 dərəcədə, qızdırıcıların isə ölkə səviyyəsində ən yüksək 19 dərəcədə işlədilməsi qərara alınıb. 
Almaniyada Rusiyadan idxal olunan qazdan asılılığı azaltmaq və enerjiyə qənaət etmək məqsədilə yerli vaxtla saat 22:00-dan etibarən ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülür. Bundan əlavə, xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq. 
İtaliyada bəzi restoranlarda enerji ödəmələrinin artması səbəbindən işıqları söndürməyə və şam yandırmağa başlayıblar. Müştərilərin şam işığında restoranda vaxt keçirdikləri anlar isə sosial şəbəkədə paylaşılıb.
Enerji böhranı müzakirələrinin gündəmdən düşməyən İsveçrədə qış mövsümündə enerji probleminin fövqəladə həddə çatacağı təqdirdə qənaət tədbirlərini həyata keçirməyənləri hətta həbs cəzası gözlədiyi bildirilib.
Hollandiyada xidmət göstərən “Damco” alüminium zavodu yüksək enerji xərcləri səbəbindən istehsalını dayandırıb. 
Qeyd edək ki, Rusiya Ordusunun Ukraynada başlatdığı hərbi əməliyyatın 6 ayında neft, qaz və kömür ixracından 158 milyard avro gəlir əldə edib. Bu dövrdə rekord yüksək qalıq yanacaq qiymətləri, ixracın azalmasına baxmayaraq, Rusiyaya rekord gəlir əldə etməyə imkan verib. Qalıq yanacaq ixracından əldə edilən gəlirlər Rusiyanın federal büdcəsinə təxminən 43 milyard avro qatqı təmin edib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



İQTİSADİYYAT
Tarix: 21-09-2022, 13:12