Qurban Qurbanov: Bizim birliyimizi gördülər
"Oyunda hər şey istədiyimiz kimi alındı. Qələbə qazanmaq və üç xal əldə etmək üçün istəkli idik. Hər şey bizim tərəfimizdə idi. Matçda bir az gərginlik yaşandı. Buna baxmayaraq sona kimi intizamlı oyun sərgilədik, qalib gəlmək üçün meydanda ən yaxşısını etdik".
Bu fikirləri jurnalistərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis bildirib ki, klub rəhbərliyi həmin qarşılaşmada baş verən təxribatla bağlı UEFA-ya müraciət edib: "Ötən il "Arsenal"la matçdan sonra da müraciət oldu. Dünən UEFA nümayəndələri orada idi. Şifahi şəkildə hamıya etirazlar bildirildi. Bu elə bir təxribatdır ki, bəlkə də UEFA məsələ ilə bağlı bizdən daha çox maraqlıdır. Çünki qurumun bayrağı altında keçirilən turnirdir. Onlar həmişə istəyirlər ki, oyunlarda hər şey qaydasında olsun, intizamlı olsunlar. Komandalar oyunlarını ən yüksək səviyyədə keçirsinlər. Bizim klub rəsmiləri sərt şəkildə etirazları bildirdi. "Düdelanj" rəhbərliyinə və UEFA nümayəndələrinə iradlar çatdırıldı. Belə halları dünya futbolunda görmüşük, rast gəlmişik. Amma hər bir halda daha diqqətli olmalı və öz işlərini düzgün qurmağa çalışmalıdırlar. Yazılı formada gələn həftə UEFA-ya müraciət olunacaq. Etirazlarımız göndəriləcək. Bununla klub rəhbərliyi məşğul olacaq".
Təcrübəli mütəxəssis Lüksemburqdakı görüşə davam etməmə ehtimalından da danışıb: "Oyunu davam etdirdik, amma UEFA nümayəndələri və "Düdelanj" rəhbərliyi qarşısında bəzi şərtlər qoyduq. Bildirdik ki, "bayraq" orada olmamalıdır. Hər bir halda idman qaydalarına əməl etməliyik. Düşünürəm ki, istədiyimizi öncə tələb etdik, sonra isə əldə etdik. Oyunu davam etdirə bildik".
Qurbanov son dəqiqələrdə hücumçu Maqeye Qeyeni oyuna buraxmasına da aydınlıq gətirib: "Bizim belə prinsipimiz var. 90 dəqiqə nizam-intizamı qoruyub saxlamaq çox çətindir. İlk dəqiqələrdə oyunçulardan nələri tələb ediriksə, sonradan meydana çıxanlar da bunları etməlidir. Durumu daha da yaxşılaşdırmağa çalışmalıdırlar. Bu bəzən alınır. Məni sevindirən odur ki, oyunçular bunu dərk edirlər. Bacardığımız qədər hücum etmək və qol vurmaq istəyirik. Əlbətttə ki, qol buraxmamaq şərti ilə. Hər an qol da burax bilərik. Amma idman prinsiplərinə hər zaman əməl etməliyik.
Məşqçi "Təxribat kollektivə necə təsir edəcək" sualına belə cavab verib: "İstəmirik ki, belə hadisələr olsun. Düşünürəm ki, belə hadisələr çox futbolçuların böyüməsinə gətirib çıxarır. Böyük təcrübə toplayırlar və özlərini daha peşəkar hiss etməlidirlər. Belə təxribatlara hazır olmalıdırlar. Ola bilər ki, bu kimi hallar mənfi təsir göstərsin. Amma bunun da faydası olacaq. Özümüzü daha soyuqqanlı aparmalıyıq. Lazım olan fikirlərimizi də bildirdik. İndi çox şeyi demək və açıqlamaq olmur. Dünən həqiqətən bütün kollektiv hərəkətli idi. Təkcə meydandakı oyunçular yox, klubdakı hamı. Hamımız birlikdə idik. Həqiqətən bizim birliyimizi daha çox gördülər".
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.
KARUSEL / İDMAN
Tarix: 4-10-2019, 22:48