mobil versiya

Qara bax, qara...


Etibar Cəbrayıloğlu

Yenə gəldi yanvar ayı,
Şaxta pulsuz, qar havayı...
(Ramiz Rövşən)
Qar özü də girinc qalıb əlimizdə. Yağanda da ağ yuyub quru sərirlər, yağmayanda da.
Qışın əvvəlində elə ki, azca yubanır, bir hay-küy düşür, gəl görəsən. Söyüşün biri 3 qəpikdən, qarğış kreditlə... Ekologiya ilə bağlı nazirliyi az qalırlar məhkəməyə versinlər. Nazirliyin qarşısında aksiya keçirirlər ki, bəs qar niyə vaxtında gəlmir? Zalım uşağı, qar da maaşdır bəyəm düz vaxtında otursun?
Qar yağanda da eyni hay-küy, söyüşün biri 5 qəpikdən, bəd dua faizsiz kreditlə. Yenə yığışıb gedirlər nazirliyin önünə, binanın pəncərələrini döyəcləyirlər ki, yanvarın əvvəlində də qar olar, nə vaxta qədər yağacaq, bəs siz hara baxırsız, dövlət əmək haqqını sizə nəyə görə verir?
Ən çox da uşaqların adından istifadə edirlər. Köhnə tanışım var, əvvəllər ancaq rusca danışırdı, indi bütün günü türk dilində danışır. Qışda havalar mülayim keçəndə deyinirdi ki, cocuqlar hamı xəstələnib, bircə qar yağsaydı düzələrdilər. Aptekdən aldığı dərmanların adlarını bir-bir sadaladı, qiymətlərini dedi, resepti yazanın anasına da söydü, özü də urusca. Dünən yenə qarşıma çıxdı, yağan qarı göstərib dedi ki, belə havada cocuqları okula nasıl göndərim?
Yazıq qar qalıb avara, bilmir burda yağsın, yoxsa getsin başqa məmləkətlərə. Elə bilirsiniz getməyinə şəbədə qoşmayacaqlar? Növbətçi-politoloqlara, siyasi şərhçilərə nə var ki, o dəqiqə hazır durublar pusquda, bir işarəyə bənddirlər. Fransaya yağan qarı ermənipərəst çıxarmaq onların əlində Şaxta Babanın torbasına vaxtı keçmiş konfet atmaq kimi asan işdir. Siyasi ekspertlərdən birisi var, siz də yaxşı tanıyırsınız, geopolitikadan danışanda həmişə “Yasak elma” serialından sitat gətirir. Öz aramızdır, teleserialı əzbərləmək sizə asan iş kimi görünməsin. Hələ bu harasıdır. səhv etmirəmsə bazar ertəsi telekanalların birində ABŞ-ın Florida ştatında qarın yağmasının dünya siyasətinə təsirindən 13 dəqiqə burnunu çəkə-çəkə danışdı. Yaxşı ki, araya uşaq bezlərinin reklamı girdi...
Yəqin sizin də yadınıza düşər həmin siyasi şərhçi ötən ilin sonunda hansısa telekanalın şou verilişində Aygün Kazımova ilə Röyanı barışdırmışdı, mətbəx proqramında şüyüdlü aş bişirmişdi, pendirli kətə hazırlamışdı, Elza Seyidcahanla da tomat pastasının reklamına çəkilmişdi. Beləsi qar haqqında nə desən danışa bilər.
Ona görə biz tərəflərdə yağan qar yazıq özü də avara qalıb. Bilmir yağsın, yoxsa yağmasın?
Dilə-dişə düşmək çətin məsələdir, elə qarın özü üçün də...

KARUSEL / YAZARLAR
Tarix: 11-01-2023, 20:33