mobil versiya

Balakəndə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxsdən snayper aşkarlanıb



Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 3 kiloqrama yaxın heroin və marixuana, eləcə də yivli odlu silah aşkar edilib. Həmin şəxslərdən birinin pul müqabilində İran vətəndaşına narkokuryerlik etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Qullar kənd sakini Vüqar Ağcayev tutulub. Şəxsi axtarış zamanı ondan külli miqdarda - 2 kiloqram 230 qram heroin aşkarlanıb. Araşdırma zamanı Vüqar Ağcayevin vatsap sosial şəbəkəsində İran vətəndaşı ilə əlaqə yaradaraq ona narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə saxlanılan şəxs 2000 manat qarşılığında həmin narkotiki Balakəndən paytaxta aparmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə yaşadığı ünvanda odlu silah-sursat və narkotik vasitə gizlətməkdə şübhəli bilinən Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən, eləcə də evindən 110 qram marixuana, snayper tüfəngi və həmin silaha məxsus patronlar aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı isə daha 3 nəfər - Mətin Məmmədov, Həmid Göylərov və Murad Bayoqluyev tutulub. Onların hər üçündən marixuana aşkarlanaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Mətin Məmmədovun üzərindən aşkarlanan narkotik vasitəni Həmid Göylərovdan, Həmid Göylərovun isə Murad Bayoqluyevdən aldığı məlum olub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin satışı, saxlanılması və kultivasiyası ilə məşğul olan 25 nəfər saxlanılıb, 16 kiloqrama yaxın müxtəlif növ narkotik dövriyyədən çıxarılıb.

KARUSEL / HADİSƏ
Tarix: 1-02-2023, 09:49