mobil versiya

“Türkiyə-tək ürək” kampaniyasında tarixi rekord qeydə alındı



Türk xalqı xeyirxahlığı ilə də dünyaya nümunə oldu
Xəbər verildiyi kimi, ötən gün Kahramanmaraşda baş verən zəlzələylə bağlı Türkiyə və dünyadan 213 televiziya və 562 radionun ortaq iştirakıyla “Türkiyə - tək ürək” kampaniyası keçirilib.
Tarixi gecədə ümumilikdə 115 milyard 146 milyon 528 min TL vəsait toplanıb. Kampaniyaya ölkənin hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri və digər şəxslər qatılıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, yardım kampaniyasına marağın böyük olması nəticəsində tarixi rekord qeydə alınıb. Belə ki, Türkiyədə baş tutan yardım kampaniyası indiyə qədər canlı yayımda toplanan bütün ianə vəsaitlərini üstələyib.
Bu barədə qeyd olunur ki, dünyada ilk ən böyük canlı yardım kampaniyası 13 iyul 1985-ci ildə baş tutub. Efiopiyadakı aclığın qarşısını almaq üçün keçirilən kampaniyanın təşəbbüskarları Bob Geldof və Midge Ure olub. Konsert əsasında təşkil olunan yardım kampaniyası 72 min nəfərin iştirak etdiyi Londondakı “Uembli” stadionunda və 89 min 484 nəfərin iştirak etdiyi Filadelfiyadakı “Con Kennedi” stadionunda keçirilib. Həmin gün Sovet İttifaqı, Kanada, Yaponiya, Yuqoslaviya, Avstriya, Avstraliya və Qərbi Almaniya kimi ölkələrdə də konsertlər təşkil olunub. Bu canlı yayımı 150 ölkədən təqribən 1,9 milyard tamaşaçı izləyib. Afrikaya göndərilən vəsaitin həcmi bilinməsə də, yardım kampaniyasında 127 milyon dollar toplanıldığı açıqlanıb.
Ötən gün Türkiyədə təşkil olunan yardım kampaniyasında isə 115 milyard 146 milyon 528 min TL toplanıb. Sözügedən ianə məbləğini xarici valyutaya çevirsək bu, 6 milyard 107 milyon 208 min 337 dollar və ya 5 milyard 706 milyon 462 min avro edir. Bu, indiyə qədər dünyada toplanmış ən böyük ianə məbləğidir. Dövlət qurumlarının ianələri nəzərə alınmasa belə, rekord bir göstəricidir. Necə deyərlər türk xalqı xeyirxahlıqda dünyaya nümunə olub.
KARUSEL / DÜNYA
Tarix: 16-02-2023, 18:27