mobil versiya

“Dan ulduzu” instrumental ansamblının konserti olacaq




Aprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert olacaq. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsertdə əfsanəvi “Dan ulduzu” instrumental ansamblı çıxış edəcək.

Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçəcək konsertdə “Dan ulduzu” ansamblının repertuarındakı sevimli mahnılar ifa olunacaq. Gecənin proqramına Cahangir Cahangirov, Elza İbrahimova, Emin Sabitoğlu, Səid Rüstəmov, Şəfiqə Axundova, Tofiq Quliyev və digər bəstəkarların əsərləri, xalq mahnıları daxildir.
“Dan ulduzu” instrumental ansamblı pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılıb. Azərbaycan Dövlət Televiziyasının nəzdində fəaliyyət göstərən “Dan ulduzu” elə ilk gündən zövqləri oxşayıb, tamaşaçılar tərəfindən sevilib. Gülarə Əliyeva klassik və milli musiqiyə, eləcə də muğam sənətinə olan sevgisini bu ansamblda birləşdirmişdi. “Dan ulduzu”nun adını isə Xalq şairi, o zaman Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini işləmiş Nəbi Xəzri təklif etmişdi. Qısa zamanda aparıcı musiqi kollektivinə çevrilən “Dan ulduzu”nun dövlət tədbirləri, konsertlər, хarici qastrol səfərlərindəki çıxışları daim alqışlarla qarşılanıb.
Akif İslamzadə, Elmira Rəhimova, Flora Kərimova, Xədicə Abbasova, Hüseynağa Hadıyev, Leyla Şərifova, Məmmədbağır Bağırzadə, Şövkət Ələkbərova, Yalçın Rzazadə, Züleyxa Mirismayılova və digər məşhurlar “Dan ulduzu”nun solistləri olub. 1975-ci ildə isə Zeynəb Xanlarova “Dan ulduzu” ilə bir sıra konsertlərdə çıхış edib. Ansambl Elza İbrahimova, Emin Sabitoğlu, Oqtay Kazımi, Oqtay Rəcəbov, Ramiz Mirişli, Tofiq Quliyev və digər tanınmış bəstəkarlarla işləyib. Ansamblın ifasında bütün mahnılar qısa zamanda populyarlaşıb. Dövrünün məşhur sənətçilərini yetişdirən ansamblın bədii rəhbəri Gülarə Əliyeva bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların yaradıcı potensialının üzə çıхarılmasına dəstək göstərərdi.
Vəfatından sonra “Dan ulduzu” ansamblı onun yaradıcısı Gülarə Əliyevanın adını daşıyır. Hazırda ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-03-2023, 16:48