Bakıda Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilib
Aprelin 3-də Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanın həmsədrliyi ilə keçirilən forumda bir sıra dövlət qurumlarının təmsilçiləri və biznes nümayəndələri iştirak ediblər.
Əvvəlcə həmsədrlər arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkə arasında energetika sahəsində əlaqələrin genişləndirilməsi, “yaşıl enerji” üzrə əməkdaşlıq imkanlarının öyrənilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Forumda çıxış edən nazir müavini Elnur Soltanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün həyata keçirdiyi siyasət, uzaqgörən siyasi qərar və qətiyyətli addımların ardıcıllığı, bir-birini tamamlaması nəinki özümüzün, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır.
Elnur Soltanov bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər və reallaşdırılan layihələr haqqında da məlumat verib: “8 ay ərzində “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərini imzaladıq. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır”.
Çıxışda, həmçinin Naxçıvanın zəngin günəş enerjisi potensialı, “yaşıl enerji” mərkəzinə çevirilməsi və burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar haqqında danışılıb. Ümumilikdə ölkə üzrə yaradılacaq “yaşıl enerji”nin əhəmiyyətli bir hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilə biləcəyi qeyd olunub.
Arun Venkataraman isə çıxışında deyib: “Mühüm əhəmiyyət daşıyan bu forumda ABŞ şirkətləri Azərbaycanda “yaşıl enerji” sahəsinə maraqları barədə birbaşa danışacaqlar. ABŞ-ın ticarət departamenti, habelə özəl sektoru Azərbaycana bərpa olunan enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır”.
ABŞ-ın emissiya səviyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiq olması barədə danışan ticarət katibinin köməkçisi bildirib: “Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə Birləşmiş Ştatlarda ətraf mühitə atılan tullantıların səviyyəsini 2050-ci il üçün sıfıra çatdırmaq öhdəliyini götürüb. Cari Administrasiya iqlim dəyişikliyi problemi ilə mübarizə üçün bütün hökumət qurumları arasında əlaqələndirilmiş yanaşma tətbiq edir”.
Sonra ölkəmizdə elektrik enerjisi istehsalında mövcud vəziyyət, elektroenergetika sahəsində qonşu ölkələrlə münasibətlər, həmçinin bərpa olunan enerji potensialı, müvafiq sahədə qanunvericilik bazası, investisiya mühiti, bu sahədə görülən işlər və cari layihələrə dair təqdimatlar nümayiş etdirilib, “yaşıl hidrogen” layihələri və “təmiz enerji” texnologiyalarının enerji balansına inteqrasiyası planları ətrafında müzakirələr aparılıb.
“Yaşıl enerji” forumu Azərbaycan və ABŞ şirkətləri arasında təşkil olunan biznes görüşlərlə davam edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-04-2023, 15:03