mobil versiya

Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanına qeydiyyat elan edilib


Bu ildən etibarən ali təhsil müəssisələrinin musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər nəzəriyyə fənlərindən test imtahanı verəcəklər. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə imtahanların kağız daşıyıcılar vasitəsilə, musiqi ədəbiyyatı fənni üzrə isə elektron qaydada keçirilməsi nəzərdə tutulur. İmtahanlarda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.
Abituriyentlərdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyəsinin qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) real imtahan mühitində sınaq imtahanları təşkil edir.
DİM-dən bildirilib ki, sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddəti və digər amillər eynilə qəbul imtahanlarındakı modelə uyğunlaşdırılır vә demək olar ki, abituriyent özünü real imtahanda olduğu kimi hiss edir. Bununla da abituriyentin öz biliklərini tam nümayiş etdirməsi üçün şərait yaradılır.
Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanı mayın 1-da DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında keçiriləcək. Qeydiyyat prosesi mayın 15-dək davam edəcək.
Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub. Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
Xatırladırıq ki, musiqi ədəbiyyatı 18 (İnstrumental ifaçılıq- violin, fleyta, klarnet – BMA), 20 (instrumental ifaçılıq - fortepiano, orqan, klavesin – BMA), 21 (İnstrumental ifaçılıq - viola, truba, saksofon – BMA), 24 (Akademik vokal), 27, 75 (Dirijorluq), 29 (Bəstəkarlıq), 30 və 73-cü (Musiqişünaslıq) qabiliyyət imtahanı komissiyalarında imtahan fənlərindən biridir.
Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanının isə mayın 27-də keçirilməsi nəzərdə tutulub. Bu imtahanlar üçün qeydiyyat tarixi yaxın vaxtlarda elan ediləcək.
Nəzəriyyə imtahanlarının qiymətləndirməsi hər fənn üzrə 10 ballıq şkalada aparılır. Qeyd edək ki, qeydiyyatdan keçdiyi qabiliyyət imtahanı komissiyasına uyğun nəzəriyyə fənlərindən minimal müsabiqə balını yığa bilməyən abituriyentlər ixtisas imtahanlarına buraxılmayacaq. Qabiliyyət komissiyaları üzrə nəzəriyyə imtahanlarının minimal müsabiqə balları yaxın vaxtlarda dərc ediləcək “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində veriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-04-2023, 10:23