mobil versiya

Birinci Naxçıvan Kitab Sərgisinin proqramı bəlli olub


Mayın 13-14-də Naxçıvanda Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB Birinci Naxçıvan Kitab Sərgisi açılacaq.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən (ANAİB) bildirilib ki, ANAİB, “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin və “Hədəf” kurslarının sponsorluğu ilə Naxçıvan Universitetində təşkil olunacaq sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, eyni zamanda oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.
Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı, Varis, Zahid Xəlil və şair Rüstəm Behrudinin imza mərasimləri olacaq. Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.
Bundan başqa kitab sərgisində təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi”, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və professor Qulu Məhərrəmli “Azərbaycan jurnalistikası dünəndən bu günə” panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.
Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-05-2023, 13:34