mobil versiya

Pirallahıda marketdə unlu qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb



Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində paytaxtın Pirallahı rayonunda fəaliyyət göstərən “Laçın” marketdə yoxlama aparılıb.

Yoxlama zamanı marketin unlu qənnadı məmulatlarının emalı ilə bağlı qeydiyyatdan keçmədiyi və çıxarışla təmin olunmadığı, emal prosesində texnoloji ardıcıllığın pozulduğu, temperatur rejiminə əməl olunmadığı məlum olub. Emal sahəsində xammalların divar və döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, istifadə olunan yağların saxlanma temperaturuna əməl edilmədiyi, soyuducuda yarımfabrikat, ət, toyuq və tərəvəz məhsullarının mal qonşuluğu prinsipinin pozulduğu, yarımfabrikatların və hazırlanan məhsulların üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq markalanmanın aparılmadığı, markalanması aparılmamış 315 ədəd yumurta aşkar edilib. Qida obyektində işçi heyət üçün soyunub-geyinmə sahəsinin, xammalların saxlanılması, alət, avadanlıq və xammalların yuyulması üçün ayrıca sahələrin, yuma çanaqlarının təşkil edilmədiyi, emal sahəsində tavanın tamlığının pozulduğu, divarların qaraldığı, soyuducu kameranın divar səthlərində, döşəmədə, tavan hissəsində korroziya əlamətləri, bəzi xammalların saxlanıldığı rəflərin səthlərinin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, qida tullantıları üçün ağzı kip qabların ayrılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. Həmçinin ticarət obyektinin unlu qənnadı məmulatlarının emalı sahəsində istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 15-05-2023, 17:32