mobil versiya

Berdiməhəmmədova nə olub? – Almaniyaya gedib, dönməyib...



Türkmənistanın 65-yaşlı eks-prezidenti, əsas səlahiyyətləri əlində cəmləşdirən Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun bir neçə gündür ölkə gündəmində, xəbər bülletenlərində görünməməsi onun səhhətilə bağlı söz-söhbətə yol açıb.
“AzPolitika.info” xəbər verir ki, heç bir rəsmi görüş keçirmədiyi Almaniya səfərindən bəri ondan xəbər yoxdur. Berdiməhəmmədovun 2006-cı ildən 2022-ci ilə qədər davam edən prezidentlik dövründə də bu cür yoxaçıxma halları olub.
Aprelin 29-da dövlət xəbər proqramında bildirilib ki, Qurbanqulu Berdiməhəmmədov oğlunun “adından” Almaniya atçılıq kompleksinə baş çəkərək atçılığın xüsusiyyətlərini öyrənib.
Onun Almaniyaya səfərinin digər sirli məqamı isə xarici işlər naziri Rəşid Meredovla tövlədə görünməsi olub. Türkmənistan dövlət televiziyası mayın 1-də bildirib ki, həm də baş nazir müavini olan Meredov illik məzuniyyətə çıxıb və vəzifəsini müavini Vepa Xaciyevə verib. Görünür, Meredov məzuniyyətə əksər türkmən məmurların istifadə etdiyi ənənəvi yay tətilindən bir qədər tez çıxıb.
Avropada fəaliyyət göstərən “Türkmənistan xronikası” jurnalının istinad etdiyi “Flightradar24” saytındakı uçuş məlumatları Berdiməhəmmədovun Almaniyaya səfər etməsi haqda məlumatları təsdiqləyir.
Belə ki, Berdiməhəmmədovun Boeing 777-200 (LR) təyyarəsi aprelin 22-də Frankfurt hava limanına enib, aprelin 28-də – onun səfəri ilə bağlı xəbər yayılandan bir gün öncə Aşqabada qayıdıb.
Bəs görəsən, Qurbanqulu Berdiməhəmmədov Almaniyadan qayıdan təyyarədə idimi? Əgər belədirsə, niyə o, aprelin 30-da Milli At Günü də daxil olmaqla, iştirakı gözlənilən tədbirlərə qatılmayıb?
Hökumətdə adının açıqlanmasını istəməyən mənbə “Azadlıq” radiosunun türkmən xidmətinə bildirib ki, Qurbanqulu Berdiməhəmmədov və Meredov hələ də Almaniyadadırlar. Onlar Almaniyada açıqlanmayan görüşlər keçirirlər. Dövlət mediası mayın 2-də Türkmənistan hökumətinin nümayəndə heyətinin Almaniyada “Deutsche Bank” və “Commerzbank” bankları ilə danışıqlar apardığını bildirib. Həmin xəbərdə Berdiməhəmmədovun bu ölkəyə “sonuncu” səfərinə ayrıca bir hadisə kimi toxunulub. Televiziyada göstərilən at fermasına səfərlə bağlı isə əlavə məlumatlar verilib. “Deutsche Bank” Türkmənistanın birinci lideri Saparmurad Niyazovun himayə etdiyi bank kimi bilinir.
“Global Witness” şəffaflığa nəzarət təşkilatı on il əvvəlki hesabatında yazdığı kimi, Türkmənistan mərkəzi bankının Frankfurtda, “Deutsche Bank”da 949924500 nömrəli hesabı olub, təbii qaz satışından böyük məbləğdə gəlirləri bu hesaba qoyub.
Bununla belə, “Global Witness” əlavə edib ki, beynəlxalq maliyyə qurumlarının müxtəlif məlumatlarına görə, bu hesabdakı pullar yalnız Türkmənistan Prezidenti Saparmurad Niyazov tərəfindən idarə olunurdu. Niyazov 2006-cı ildə qəflətən vəfat etdi və ozamankı səhiyyə naziri Qurbanqulu Berdiməhəmmədovun ən yüksək vəzifəyə keçməsinin yolu açıldı.


KARUSEL / DÜNYA
Tarix: 15-05-2023, 18:22