mobil versiya

Trampdan Putinə dəstək - Rusiya G7-yə qaytarıla bilər


ABŞ Prezidenti Donald Tramp deyir ki, gələn il ölkəsində keçiriləcək Böyük Yeddilik (G7) toplantısı zamanı Rusiyanın bu qrupun xüsusi formatına qaytarılmasına tərəfdardır.
Tramp bunu avqustun 20-də Vaşinqtonda Rumıniya Prezidenti Klaus Iohannislə görüşündən öncə deyib. Dörd gün sonrasa Fransanın cənubundakı Biarritz kurort şəhərində G7 sammiti keçiriləcək.
“Tamamilə buna tərəfdaram. Rusiyanın burada olması daha uyğun olardı. Bu, G8 olmalıdır, çünki danışdığımız bir çox məsələlərin Rusiyaya aidiyyatı var”, – Tramp Ağ evdə jurnalistlərə söyləyib.
“Bu məsələni qaldıran olarsa…”
Tramp deyib ki, “bu məsələni qaldıran olarsa, buna müsbət yanaşaram”.
Rusiya əvvəlki G8 formatından 2014-cü ildə, Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra çıxarılıb. Bundan başqa, ABŞ-ın kəşfiyyat agentlikləri Moskvanı 2016-cı ilə ABŞ-da prezident seçkisinə müdaxilədə ittiham ediblər.
Rusiya lideri Vladimir Putin həmçinin ölkədə və kənarda opponentlərinin qətlinin sifarişində suçlanır. Özü isə iddiaları rədd edir.
Ancaq Tramp deyir ki, Rusiya klubdan keçmiş prezident Barak Obama Putinə “uduzduğu” üçün çıxarılıb.
Tramp əvvəllər Obamanı Rusiyaya Krımı ələ keçirməyə “icazə verməkdə” suçlayırdı.
1975-ci ildə yaradılmış G7-yə Birləşmiş Ştatlar, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir.
Builki tədbirə ev sahibliyi edən Fransa Prezidenti Emmanuel Makron toplantıda qlobal bərabərsizliyin müzakirə olunmasını istəyir. “AFP” agentliyi yazır ki, Fransa iqlim dəyişikliyinin iqtisadi və sosial bərabərsiz yaradan əsas faktor olduğunu düşünür.
Üç il öncə Tramp Birləşmiş Ştatları 2015-ci il Paris iqlim sazişindən çıxarıb.
Ötən il Kanadada keçirilən sammitdə, Tramp qrupun yekun bəyanatını imzalamaqdan imtina edib, tədbiri qəzəbli şəkildə tərk edib. (azadliq.org)

KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 21-08-2019, 10:24