Kiyevə hava hücumu olub
Ukraynanın paytaxtı Kiyev mayın 25-nə keçən gecə İran kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.
Paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib. Kiyev Regional Hərbi Administrasiyasının yaydığı məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 12-ci hava hücumudur.
“Kiyevə gecə hücumu zamanı “Şahed” tipli kamikadze PUA-lardan istifadə olunub. Ukraynanın hava hücumundan müdafiə sistemləri düşmənin bütün hava hədəflərini məhv edib. Düşmən bütün gücü ilə Kiyevdəki əsas strateji infrastrukturları dağıtmağa, hava hücumundan müdafiə vasitələrinin resurslarını tükətməyə çalışır”, - deyə məlumatda bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda isə qeyd olunur ki, mayın 25-nə keçən gecə Rusiya İran istehsalı olan 36 kamikadze pilotsuz uçan aparatla hücum edib. Hava hücumundan müdafiə qüvvələri düşmənin bütün pilotsuz təyyarələrini vurub.
Hərbçilər rusların qərb bölgələrində kritik infrastrukturu və hərbi obyektləri hədəf seçdiyini ehtimal edir.
KARUSEL / DÜNYA
Tarix: 25-05-2023, 11:57