Yeddi boksçumuz beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa görə, Azərbaycan millisinin finalda mübarizə aparacaq idmançılarının sayı 7-yə çatıb.
Azərbaycan Boks Federasiyası xəbər verir ki, turnirdə 51 kiloqram çəki dərəcəsində çıxış edən Sübhan Məmmədov yarımfinalda Bertalan Kusa (Macarıstan) qalib gəlib. O, həlledici görüşdə Erik Katona (Slovakiya) ilə üz-üzə gələcək.
Millimizin digər üzvü Tağı Nəsibov (54 kq) yarımfinalda macarıstanlı Matyas Naqi ilə gücünü sınayıb. Boksçumuz ilk raundda tam üstünlüklə qələbə qazanıb. O, finalda yerli idmançı Kozak Kevinlə döyüşəcək.
Məhəmmədəli Aşurəliyev (57 kq) də qızıl medal uğrunda mübarizəni davam etdirəcək. Yarımfinalda macar Atilla Farkasa qalib gələn yığmamızın üzvü finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
Məhəmmədəli Qasımzadə (60 kq) yarımfinalda yerli idmançı Mirko Meşarosa ikinci raundda tam üstünlüklə qalib gəlib. Təmsilçimiz çempionluq üçün Levent Olanla (Macarıstan) döyüşəcək.
Turnirdə 75 kiloqram çəki dərəcəsində çıxış edən Fərhad Şeydayev də uğurlu çıxışını davam etdirib. O, yarımfinalda macarıstanlı Zolt Nemetdən güclü olub. Həmyerlimiz həlledici qarşılaşmada digər macar boksçu İstvan Şüslə üz-üzə gələcək.
İnci Məcidli (50 kq) və Ömər Aslanlı (54 kq) yarımfinalda məğlub olduqlarından bürünc medala sahib olublar.
Qeyd edək ki, bu gün keçiriləcək final döyüşlərində, həmçinin Banuçiçək Nəsirli (46 kq) Silviya Meltzerlə (Rumıniya), Özləm Həsənova (63 kq) Amaliya Tuqu (Rumıniya) ilə üz-üzə gələcək.
KARUSEL / İDMAN
Tarix: 9-06-2023, 11:49