mobil versiya

"Bihu" rəqqasların çıxışı azərbaycanlıları heyran edib



Hindistanın Assam ştatını təmsil edən "Bihu" rəqs qrupu 18-21 iyun tarixlərində Azərbaycanın müxtəlif görməli məkanlarında ifa etdiyi füsunkar rəqsləri ilə tamaşaçıları heyran edib. 


Bu mədəni tur Hindistanın Mədəni Əlaqələr Şurasının (ICCR) sponsorluğu və Hindistan-Azərbaycan Assosiasiyasının dəstəyi ilə Hindistanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.
Bihu rəqsinin aparıcı ustadı xanım Drimli Qoqoinin rəhbərlik etdiyi rəqs qrupu gözəl təbiəti olan Şabranda, İçərişəhərin tarixi simvolu olan Qız Qalasının önündə və Bakı Bulvarında yerləşən “Bakının Gözü” atraksionunun qarşısında rəqs çıxışlarını təşkil edərək Hindistanın rəngarəngliyini Azərbaycanda nümayiş etdiriblər.

Bihu çıxışlarının mühüm hissəsi Azərbaycan tamaşaçısını Assam bölgəsinin unikal melodiyaları və zərb alətləri ilə tanış edən musiqi əsəri olub. Belə ki, sözügedən musiqi əsəri Hindistanın şimal-şərqinin zəngin musiqi mənzərəsinə nəzər salmağa imkan yaradıb.
Bununla belə, çıxışlar yalnız musiqi ilə məhdudlaşmayıb. Assam xalqının müxtəlif həyat tərzlərini əks etdirən rəqslər də nümayiş etdirilib. Belə ki, rəqqaslar sinxronlaşdırılmış ritmik hərəkətləri ilə Assam əhalisinin əkinçilik və balıqçılıq fəaliyyətlərini imitasiya edərək, tamaşaçıların təxəyyülünü canlandırıb və onların gözləri qarşısında Assamın təsvirini yaratmağa çalışıblar.

Çıxışlar hədsiz coşqu ilə qarşılanaraq, hər yaşdan və hər təbəqədən olan tamaşaçıların zövqünü oxşayıb. Rəqqasların geyimi özü-özlüyündə bir vizual tamaşa olub. Qızılı və qırmızı rənglərlə bəzədilmiş gözəl geyimlərdə çıxış edən rəqqaslar Assam irsinin canlı təsvirini yaratmağa nail olublar.
Çıxışlardan sonra tamaşaçılar bu mədəni təcrübənin uzun müddət yaddaşlarda qalması üçün sənətçilərlə birlikdə xatirə şəkilləri çəkdiriblər.
Bihu Hindistanın şimal-şərq ştatı olan Assamın xalq rəqsidir. Assamın həyatının və mədəniyyətinin canlı bir hissəsi olan bu rəqs ənənəvi olaraq Bihu festivalı zamanı ifa edilir. İllər ərzində Bihu rəqsi hind ifaçılıq sənətinin geniş repertuarında özünə yer tutaraq klassik statusu ilə tanınıb.
Bihu rəqslərinin zənginliyi Hindistan rəqsinin və musiqisinin müxtəlifliyinin sübutudur. Hər rəqs formasının, hər musiqi notunun özünün bir hekayəsi var.

Bu mədəni tədbirlər sübut etdi ki, mədəni diplomatiya müxtəlif millətlər arasında körpü rolunu oynayaraq anlaşmanı təşviq etmək üçün unikal imkan yaradır. Azərbaycanda Bihu tamaşaları bunu gözəl şəkildə nümayiş etdirərək Azərbaycan xalqı ilə Hindistanın canlı mədəni irsi arasında ahəngdar əlaqə yardıb.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 4-07-2023, 11:26