Zakir İbrahimov “AzerGold” QSC-də çalışan Daşkəsən sakinləri ilə görüşüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) çalışan Daşkəsən sakinləri və ətraf kəndlərdə yaşayan vətəndaşlarla görüşüb.
ÇİRES-də keçirilən görüş əməkdaşların iş şəraiti, onları qayğılandıran məsələlərin müzakirəsi, həmçinin Səhmdar Cəmiyyətin korporativ sosial məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılması məqsədi daşıyıb.
Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Z.İbrahimov “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması sahəsində görülən işlərdən danışıb. O, təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik prinsipləri əsasında fəaliyyətini təşkil edən “AzerGold” QSC tərəfindən yerli sakinlərlə iş, onların məşğulluğu, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, təhsil, səhiyyə xidmətlərinə əlçatanlığın artırılması, biomüxtəlifliyin qorunması, idmanın inkişafı və digər istiqamətlərdə sistemli tədbirlərin icra edildiyini bildirib.
Belə ki, Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində Quşçu qəsəbə tam orta məktəbinin yeni modul tipli binasının inşası, Çovdar, Çaykənd kəndlərinə su xəttinin çəkilməsi və yeni bulağın istifadəyə verilməsi, Yuxarı Daşkəsən, həmçinin Mədənçi qəsəbələrinin su təminatının yaxşılaşdırılması, Daşkəsən şəhərində minifutbol, universal voleybol-basketbol meydançalarının yenidən qurulması, Gəncə şəhərində regional Autizm Mərkəzinin istifadəyə verilməsi, həmçinin yerli arıçılıq təsərrüfatının inkişafına göstərilən dəstək qeyd edilib. QSC-nin KSM Komitəsi tərəfindən hasilat bölgələrində yaşayan yerli icmalarla mütəmadi görüşlərin keçirildiyini, vətəndaşlar arasında vaxtaşırı sosial sorğuların təşkil edildiyini deyən İdarə Heyətinin sədri, həmçinin sakinlər tərəfindən ünvanlanan müraciətlərin diqqətlə araşdırıldığı, ölkə qanunvericiliyi və QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həlli istiqamətində müvafiq addımların atıldığını diqqətə çatdırıb.


Görüşdə, sakinlərin müraciətləri dinlənilib və qeydiyyata alınıb. İdarə Heyətinin sədri müraciətlərlə bağlı müvafiq addımların atılması, vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüş iştirakçıları qəbula görə İdarə Heyəti sədrinə təşəkkür edib, Daşkəsən rayonunda sosial-iqtisadi inkişaf, məşğulluğun artırılması, sosial rifah halının daha yaxşılaşdırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə “AzerGold” QSC-nin verdiyi töhfələrin Daşkəsən sakinləri tərəfindən daim yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-07-2023, 17:36