Bakıda Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçiriləcək
Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasının ilin sonunadək keçirilməsi planlaşdırılır.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Bakıda keçirilən 35-ci iclasında deyib.
"Həmçinin qürurla qeyd edə bilərəm ki, slam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) üzvü olan MDB, Fars körfəzi və Şimali Afrika ölkələri ilə ikitərəfli əməkdaşlığımız genişlənib. Palataların əksəriyyəti ilə anlaşma memorandumları imzalamışıq. Bu memorandumlar perspektivdə biznesə dəstək üzrə birgə addımlarımızı müəyyən edir. Bundan başqa, Agentliyimiz bir sıra biznes şuraların həmsədridir. Belə ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iki iclasını keçirmişik. Bunlardan sonuncusu ötən ay Şuşada keçirildi. Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasının ilin sonunadək keçirilməsi planlarımıza daxildir", - deyə o qeyd edib.
O.Məmmədovun sözlərinə görə, iyulun 17-də KOBİA iki anlaşma memorandumu imzalayacaq.
"Birinci memorandum ICCIA ilə ikitərəfli əməkdaşlıq haqqındadır və birgə tədbirlər təşkil edəcəyimizə və birgə təşəbbüslər həyata keçirəcəyimizə ümid edirik. İkinci Anlaşma Memorandumu Azərbaycanda halal biznes və turizm forumunun təşkili ilə bağlıdır və KOBİA, ICCIA, Dövlət Turizm Agentliyi və İslam Biznesi Beynəlxalq Assosiasiyası tərəfindən birgə imzalanacaq. Yaxın zamanda tədbirin keçiriləcəyi vaxt və iştirak barədə ətraflı məlunat verəcəyik", - deyə o əlavə edib.
Qeyd edək ki, 17 iyul 2023-cü il tarixində Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb.
İclasda 20 üzv ölkədən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir də daxil olmaqla bir sıra ölkələrdən geniş tərkibli nümayəndə heyətləri və sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzularda panel müzakirələrdə, ölkələrin iqtisadi potensialının təqdimatlarında və B2B formatında görüşlərdə iştirak edəcək, bir sıra iri kənd təsərrüfatı müəssisələrinə baş çəkəcək və əməkdaşlıq barədə bir sıra sənəd imzalayacaq.(Trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-07-2023, 17:11