Dini konfessiya rəhbərləri Laçın-Xankəndi yolunda Ermənistanın təxribatı ilə bağlı birgə bəyanatı
Azərbaycandakı dini konfessiya rəhbərləri birgə bəyanat yayıb.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bəyanatda deyilir:
"Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın-Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - "TIR şousu" ətrafında gedən qərəzli bəyanatlarla bağlı aşağıdakıları bildirməyi vacib sayırıq".
"Hər şeydən əvvəl bildiririk ki, müzakirə olunan mövzu dini səciyyə daşımasa da, Qafqaz bölgəsində sülhün bərqərar olmasını arzu edən hər bir şəxs və bu yolda böyük səylər göstərən din xadimləri kimi bizim ümdə vəzifəmiz baş verənlərə haqq və ədalət meyarları ilə yanaşmaqdır. Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfindən “humanitar yardım” adı ilə TIR yük maşınlarının Laçın nəzarət buraxılış postuna yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir. Dəfələrlə Azərbaycanın dövlət orqanları Xankəndində yaşayan Qarabağ bölgəsinin yerli erməni sakinlərini müzakirəyə dəvət etmiş, lakin Ermənistan bununla razılaşmamış, Azərbaycanın humanist təkliflərinə rədd cavabı vermişdir. TIR-ların qəsdən Azərbaycanın Laçın sərhəd postu istiqamətində problem yaratması, hadisənin “etnik təmizləmə siyasəti” və “humanitar böhran” kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür.
Birmənalı şəkildə bildiririk ki, Ermənistanın “etnik təmizləmə siyasəti” barədə yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır. Beynəlxalq ictimaiyyət unutmamalıdır ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışdır. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı işğal olunmuş ərazilərimizdə məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlərdə İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur. Müharibənin bitməsinə baxmayaraq hələ də yüzlərlə vətəndaşımız mina partlayışlarında həyatını itirməkdə və əlil olmaqdadır ki, həmin minalar Ermənistan tərəfindən bilavasitə Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə daşınıb.
Azərbaycan xalqı öz dövlət başçısının rəhbərliyi ilə BMT və beynəlxalq hüquq tərəfindən rəsmən tanınan əzəli torpaqlarını Ermənistanın təcavüzündən xilas edərək ərazi bütövlüyünü bərpa etdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə mülki obyektlərlə yanaşı dini-mənəvi abidələrin bərpa və yenidən qurulmasına dövlət səviyyəsində diqqət ayrılması Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasının təsdiqidir. Hər zaman qlobal təfəkkür və bəşəri ideyaları ilə tanınan Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları regionun taleyini müəyyən edən, tarixini yenidən yazan öndər lider kimi bütün yüksək kürsülərdən sülh və birgəyaşayış çağırışları edir, qarşı tərəfi xalqların gələcəyi naminə siyasi təfəkkür və humanist məntiqə əsaslanan həmrəyliyə dəvət edir.
Təəssüf doğuran haldır ki, bunun müqabilində erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə yenə də iftira kampaniyaları aparır, hətta dini platformadan – xüsusilə Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bir il ərzində Ümumdünya Kilsələr Şurasının Azərbaycan əleyhinə 3 bəyanatla çıxış etməsi ən azından ondan xəbər verir ki, bu silsilə təhdid kampaniyalarının təşkilində baş ideoloq kimi Ümumdünya Kilsələr Şurasının prezidentlərindən biri – Kilikiya erməni kilsəsinin başçısı I Aram, müəllif-icraçılardan isə - Mərkəzi komitə sədrinin (moderator) müavini Aykazyan əsas rol oynayırlar.
Bu xüsusda Ümumdünya Kilsələr Şurasının son zamanlar mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst mövqedən çıxış etməsi ciddi təəssüf doğurur. Kilsə adını daşıyan təşkilatın barışdırıcı, sülhün təmin olunmasına töhfə verən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etmək əvəzinə mövcud vəziyyəti dinlərarası müstəviyə çıxararaq “xristian təəssübkeşliyi” adı altında xristian-müsəlman qarşıdurmasına təhrik edən destruktiv mövqeyi və anti-Azərbaycan təbliğatı sülhə xidmət etmək istəyən dini təsisatın məram və məqsədinə uyğun gəlmir, həmçinin dinlərin ədalət prinsiplərinə ziddir. Daha öncə Qafqaz Müsəlmanları İdarəsi adından Ümumdünya Kilsələr Şurasının Baş katibi cənab Jerry Pillay və Mərkəzi komitənin sədri (moderator) Dr. Heinrich Bedford-Strohm cənablarına göndərilmiş məktubunda Şuranın 11-ci Assambleyasında, habelə Ümumdünya Kilsələr Şurasının Mərkəzi Komitəsinin son iclasının yekun sənədində erməni tərəfinin mənafelərinə xidmət edən bəyanatlara etiraz bildirilmiş və qeyd olunmuşdur ki, dünya birliyi ilə yanaşı şəxsən Ermənistanın Baş naziri N.Paşinyanın da rəsmən etiraf etdiyi 86,6 min kv. km. təşkil edən Azərbaycan ərazisində “Dağlıq Qarabağ” – “Artsax” adlı inzibati vahid yoxdur.
Buna baxmayaraq, Ümumdünya Kilsələr Şurasının cari ilin 31 iyul tarixində yaydığı bəyanatında “Artsax” ifadəsini mətndə qəsdən bir neçə dəfə təkrarlayaraq, Azərbaycanın daxili işlərinə, suverenliyinə və ərazi bütövlüyünə kobud müdaxilə edib, Kilsə adını daşıyan Təşkilata baş ucalığı gətirməyən əyani hörmətsizlik nümayiş etdirilib.
Birinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilən soyqırımı cinayətlərinə, Xocalı qətliamına “narahatlıq” bildirməyən Kilsələr Şurasının indiki mövqeyi ikili standartlara və siyasətbazlığa söykənir. Azərbaycanın suveren ərazisi olan Naxçıvanın uzun müddətdir ki, Ermənistan tərəfindən blokadada saxlanılmasına etiraz etməyən Ümumdünya Kilsələr Şurasının indi belə canfəşanlıq etməsi beynəlxalq dini təşkilata yaraşmayan riyakarlıqdır. Biz bu kimi halları qətiyyətlə qınayır, Ermənistanı, xüsusilə də erməni Kilikiya və Eçmiədzin kilsələrini müharibə ritorikasından əl çəkməyə, millətlər arasında nifrət çağırışlarına və revanşizm ideyalarına dəstək verməməyə çağırırıq. Belə siyasət nəhayətində regionda vəziyyəti gərginləşdirəcək, özəlliklə erməni xalqına xeyir gətirməyəcək.
Biz uzun illərdir ki, bir sıra Avropa dövlətlərinin, xüsusilə Afrikada və Okeaniyada soyqırımlara, zorakılıqlara və qarşıdurmalara rəvac verən Fransanın, habelə bəzi Qərb təşkilatlarının erməni lobbisinin təsirinə düşərək qərəzli, anti-Azərbaycan mahiyyətli qərarlar verməsinin, qətnamələr qəbul etməsinin şahidiyik. Heç şübhəsiz ki, rəsmi Yerevanın, Qarabağ separatçılarının və onların Eçmiədzindən “xeyir-dua” alan tərəfdarlarının bu yeni təxribatda hədəfi - hazırda müxtəlif platformalarda davam edən Azərbaycan-Ermənistan danışıqlarını pozitiv məcradan uzaqlaşdıraraq sülh sazişinin imzalanmasını pozmaqdan, revanşizm məqsədli fəaliyyətlərini gerçəkləşdirməkdən ibarətdir. Bu proseslərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regiondakı fəaliyyəti xüsusi narahatlıq doğurur. Bir müddət öncə rəsmi Bakı BQXK-nın Laçın yolu vasitəsilə qacaqmalçılıq fəaliyyəti ilə məşğul olduğunu faktlarla sübuta yetirib, erməni hərbi cinayətkarların və terrorçuların sərhəddən keçirilməsində BQXK-nın bilavasitə iştirakını ifşa edib.
Dinlər tarixindən bəllidir ki, bütün peyğəmbərlər, o cümlədən Hz. İsa əleyhissalam insanları haqqa, ədalətə, sülhə dəvət etmişlər. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri bu Bəyanatımızla dünya ictimaiyyətini, xüsusilə Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq. Unutmayaq ki, din xadimlərinin əsas vəzifəsi ilahi əmrlərə riayət etmək, bəşəri sülh naminə barışdırıcı mövqedə olmaqdır" - deyə bəyanatda qeyd edilib.
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-08-2023, 11:43