mobil versiya

Azərbaycan XİN Fransaya cavab verdi


Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatını şərh edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, A.Hacızadə bununla bağlı deyib: “2023-cü il aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır.
Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur.
Guya bu addımın üçtərəfli Bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır".

KARUSEL / GÜNDƏM
Tarix: 24-04-2023, 13:27