İşğaldan azad olunan rayonlarda peşə təhsili infrastrukturu yaradılacaq - Nazir
Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk tədris ili başlandı, çox sevindirici haldır. Qürurlu bir günə şahidlik edirik. Hazırda məktəbdə 160 şagird təhsil alır, amma bu tədris ilində şagirdlərin sayı 400-ə çatacaq.
Bu sözləri Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
Təhsil ictimaiyyətini Bilik Günü münasibətilə təbrik edən nazir deyib: “Bu tədris ilində 133 mindən çox şagirdimiz birinci sinifə qədəm qoyub, ümumilikdə isə 1,5 milyon şagird məktəblərdə təhsilini davam etdirəcək”.
E.Əmrullayev bildirib ki, Laçın şəhərində 140-a yaxın şagird tədrisə başlayıb, onların da sayı artacaq. Zabux qəsəbəsində isə tədris ilin sonuna qədər 100-dən artıq şagird məktəbə gedəcək. Ağalı kəndində ötən il cəmi 70 şagird var idisə, bu il məktəb 120 şagirdlə təhsilə davam edir. Talış kəndində də məktəbdə tədris aparılır.
Onun sözlərinə görə, ümumiyyətlə işğaldan azad olunan ərazilərdə hazırda məktəblərin tikintisi, təhsil infrastrukturunun yaradılması istiqamətində işlər davam edir. “Həmçinin 8 peşə təhsil müəssisəsi tikiləcək və bunların hər biri böyük həcmli komplekslər olacaq. Onlardan birincisinin təməli Prezident İlham Əliyev tərəfindən Füzuli rayonu ərazisində qoyulub və layihələndirmə işi artıq yekunlaşıb, noyabr ayında işlərə başlanması planlaşdırılır. Növbəti mərhələdə isə Şuşa şəhərində belə bir layihənin gerçəkləşməsi nəzərdə tutulub. Ümumiyyətlə, işğaldan azad olunan bütün rayonlarda peşə təhsili infrastrukturu yaradılacaq”, - deyə nazir əlavə edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 15-09-2023, 14:46