“MuğanBank”dakı əmanətlər necə qaytarılacaq?
“Fəaliyyəti dayandırılan “MuğanBank”da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir. Bu, o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və dividend faizi manatla 12, xarici valyuta ilə 2.5 faizədən çox olmayan əmanətlərdir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, əmanətlərlə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq:
"Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə ilə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı, əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır.
Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir.
Əmanətlərin Sığortalanması Fondun vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 günədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.
Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər dollar və ya avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni əmanət rubl ilə yerləşdirilibsə, o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir.
Bütövlükdə, “MuğanBank”da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcək. Buna görə də pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyə olunur".
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “MuğanBank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-10-2023, 12:38