mobil versiya

Şagirdlərin zəhərlənməsinə səbəb olan obyekt bağlanıb



2023-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 21 nəfər məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Qeyd edilib ki, toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən "Şah dönər" ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub.
Faktla bağlı Agentliyin müfəttişləri tərəfindən "Şah dönər" ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. Araşdırmaların yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.
TƏBİB-dən bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb.
Hazırda hər birinin vəziyyəti stabildir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-10-2023, 13:08