mobil versiya

Xorvatiyalı nazir ASAN Xidmətlə tanış olub



Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının ədliyyə və dövlət idarəçiliyi naziri İvan Malenitsanın rəhbərlik etdiyi nümayəndə heyəti ASAN Xidmətə baş çəkib, mərkəzinin fəaliyyəti ilə tanış olub. 
Qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzləri barədə məlumat verilib.
Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb. Məlumat verilib ki, “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilat ilə əməkdaşlıq həyata keçirilir.
Xorvatiyalı nazir “ASAN xidmət” təcrübəsininin ölkəsində tətbiqi ilə bağlı marağını ifadə edib və bu istiqamətdə müqavilə imzalanması təklifi ilə çıxış edib.
Qonaqlar "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın və  “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

KARUSEL / CƏMİYYƏT
Tarix: 1-11-2023, 13:41