Mixail Qusman: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri misilsiz idi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri mahiyyət etibarilə misilsiz idi.
Bunu Trend-ə TASS informasiya agentliyinin baş direktorunu birinci müavini Mixail Qusman deyib.
Onun sözlərinə görə, bunu səfər zamanı keçirilmiş görüşlərlə bağlı dəyərləndirmək olur:
“Azərbaycanın Birinci vitse-prezidenti Rusiya Prezidenti Vladimir Putinlə görüşdü və yüksək “Dostluq” ordeni ilə təltif edildi. Mehriban Əliyevanın Baş Nazir Dmitri Medvedyev, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri baş tutdu. Azərbaycanın Birinci vitse-prezidenti Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı kimi vacib tədbirdə iştirak edib. Rekonstruksiyadan sonra ən xırda detallarına qədər bərpa olunmuş tarixi pavilyonu Mehriban Əliyeva Valentina Matviyenko ilə birgə açıb. Mehriban Əliyeva və Valentina Matviyenkonun iştirakı ilə regionlararası forum baş tutub. Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada işgüzar görüşlər keçirib. Bütün bunlar Rusiya tərəfinin azərbaycanlı qonağın səfərinə verdiyi önəmi göstərir. Mən tam məsuliyyətlə deyə bilərəm ki, heç də hamı, hətta dövlət başçıları bu cür yüksək şərəfə nail olmur, heç də bütün səfərlər bu cür zəngin siyasi proqramla keçmir”.
M.Qusman bildirib ki, Azərbaycanın Birinci vitse-prezidentinə göstərilən xüsusi qəbul təkcə Mehriban Əliyevanın şəxsiyyətinə hörmət deyil, həm də Azərbaycana xüsusi münasibətin göstəricisidir:
“Bu münasibətlərin əsasında Azərbaycan və Rusiya prezidentləri arasında qurulmuş şəxsi əməkdaşlıq, dostluq əlaqələri dayanır. Bu, əlbəttə ki, Azərbaycan və Rusiyada hərtərəfli və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı üzrə müxtəlif istiqamətlər həyata keçirilən işlərin nəticəsidir”.
O vurğulayıb ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyəsi təkcə siyasi yox, həm də iqtisadi sahədə əks olunur:
“Azərbaycan pavilyonunun açılışı zamanı çıxışında, eləcə də Rusiya KİV-lərinə müsahibəsində Mehriban Əliyeva ölkələrimiz arasında mövcud olan və ilbəil inkişaf edən iqtisadi münasibətlərin səviyyəsi ilə bağlı əsaslı rəqəmlər açıqladı. Bu, sehrli çubuq vasitəsilə baş vermir. Bunun üçün həm siyasi iradə, həm müvafiq ehtiyatlar, həm də iqtisadi əməkdaşlığın möhkəmlənməsi və inkişaf etməsi üçün tərəflərin qətiyyətliliyi lazımdır”.
M.Qusman qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə humanitar əməkdaşlıq, mədəniyyət və sosial sahələrdə əlaqələr xüsusi yer tutur. Onun sözlərinə görə, Mehriban Əliyeva da vurğulayıb ki, yüzlərlə azərbaycanlı tələbə Moskva və Rusiyanın digər şəhərlərində təhsil alır. O qeyd edib ki, humanitar sahə çox zərif sahədir və insan ruhunun ən incə simlərinə toxunur. Bu baxımdan M.Qusman Azərbaycanda rus dilinin mühafizəsinə göstərilən qayğıya diqqət cəlb edib:
“Bu barədə Birinci vitse-prezident Rusiya Prezidenti ilə görüşü zamanı danışıb. Azərbaycanın rusdilli əhalisi özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edir. Rus dilinə qayğı, rus dilinin beynəlmiləl ünsiyyət qismində rolu barədə hələ Azərbaycanın ümummilli lideri Heydər Əliyev danışırdı. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də daim vurğulayır. Prezident İlham Əliyev bəzi Avropa ölkələrinə uyğunlaşmayan multikulturalizmin Azərbaycanda dərin köklərini olduğunu deyəndə mən şəxsən onunla razılaşmağa hazıram. Azərbaycan multikulturalizminin, çoxmillətliliyinin, çoxməzhəbliliyinin tarixi uydurulmuş sözlər deyil. Mən özüm Azərbaycanda böyümüşəm və bir neçə onillik orada yaşamışam. Azərbaycanda bir dənə də olsun rus məktəbinin bağlanmaması, əksinə, rus dilində təhsilin inkişafı məni təəccübləndirmir. Bir tərəfdən mən bilirəm ki, respublika rəhbərliyi rus dilinə necə diqqət göstərir, digər tərəfdən də başa düşürəm ki, Azərbaycan gəncliyinin rus dilinə vacib beynəlmiləl dialoq vasitəsi kimi böyük marağı var”.
KARUSEL / SİYASƏT / ÖLKƏ
Tarix: 27-11-2019, 14:28