mobil versiya

Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədrilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.
Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə edilib.
Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələrinin beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etdiyi bildirilib, xüsusilə Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq gücə çevrilməsi yolunda atılan birgə addımların əhəmiyyəti vurğulanıb.
Tərəflər dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd edib, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndiriblər.


Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında quruma sədrliyin Türkiyədən Azərbaycana keçməsinin əhəmiyyətinə toxunan Ə.Əsədov Türkiyənin sədrliyi dövründə Assambleyanın beynəlxalq nüfuzunun daha da artdığını, qlobal sülh və inkişaf naminə parlamentlərarası əməkdaşlığın genişləndiyini bildirib.
Görüşdə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.


KARUSEL / SİYASƏT
Tarix: 23-02-2024, 14:06