mobil versiya

Minlərlə tacik Rusiya aeroportlarında qalıb



Tacikistan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya qanuni yolla keçməyə çalışan mindən çox ölkə vətəndaşının Moskva hava limanlarında saxlanıldığını açıqlayıb. Onların qeyri-adekvat sanitar şəraitdə saxlandığı, isti yeməklə təmin olunmadığı bildirilir.
Nazirliyin məlumatına görə, bazar günü (aprelin 28-də) səhər saatlarında təkcə "Vnukovo" hava limanının müvəqqəti saxlama zonasında 954 Tacikistan vətəndaşı olub, onların arasında Rusiya universitetlərində təhsil alan tələbələr də var. Saatlarla gözlədikdən sonra onlardan yalnız 322-si sərhəd nəzarətindən buraxılıb. 306 nəfərin vətənlərinə göndərilməsinin planlaşdırıldığı bildirilir. "Bu cür məhdudlaşdırıcı tədbirlər yalnız Tacikistan vətəndaşlarına şamil edilir", - ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.
Rusiya rəsmiləri, hələlik, bu məlumatları şərh etməyib.
Tacikistan XİN vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Bu açıqlama Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalına hücumdan sonra Rusiya dövlət qurumlarının Mərkəzi Asiya ölkələrindən olan miqrantlara təzyiqlərinin kəskin artması fonunda verilib. İş üzrə həbs edilən şübhəlilərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.
Səyahət elanı aprelin 27-də nazirliyin saytında yerləşdirilib. Mətndən belə çıxır ki, Rusiyaya yalnız təcili ehtiyac yarandıqda getməlisən. Bundan əvvəl insan haqları təşkilatları Rusiyada Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı ksenofobik çıxışların artdığını bildirmişdilər. Xarici işlər naziri Sirociddin Muxriddin apreldə bildirib ki, Rusiyada düşünülməmiş informasiya kampaniyası Tacikistan vətəndaşları və taciklər haqqında mənfi təsəvvürlər yaradır.(“AzPolitika.info”)

KARUSEL / DÜNYA
Tarix: 29-04-2024, 15:00