mobil versiya

Prezidentin dediyi ictimai nəzarət - onu necə qurmalı?



Fəzail Ağamalı: “Burada KİV-lərin üzərinə böyük məsuliyyət düşür...”


Azərbaycan prezidenti İlham Əliyev əksər çıxışlarında məmurlara ünvanladığı mesajlarda ictimai nəzarətin vacibliyini vurğulayır. Dövlət başçısı son olaraq, yerli telekanallara müsahibəsində bu məsələyə bir daha toxunub. Onun açıqlamasının ardından ictimai nəzarətin necə olması barədə müzakirələr açılıb.

Ana Vətən Partiyasının sədri, V Çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, ölkə prezidenti ictimai nəzarət institutunun yaradılması zəruriliyini sistemli, ardıcıl olaraq önə çəkir, buna diqqət yetirir: “Əlbəttə ki, bu təsadüfi deyil. Çünki ictimai nəzarət institutunun fəaliyyəti ölkədə mövcud nöqsanların, problemlərin aradan qaldırılmasına diqqəti artırır. Dövlət başçısı bu cür problemlərin ortadan qaldırılmasını hər zaman diqqətdə saxlayır. Bu xüsusi olaraq, həm də ölkə başçısının söylədiyi kimi, ona görə vacibdir ki, bir çox hallarda məmurlar fəaliyyət göstərmiş olduqları sahələrdə nöqsanları, problemləri ölkə prezidentinin diqqətinə çatdırmağa o qədər də həvəs göstərmirlər. Bunun onlar üçün pis nəticələr verə biləcəyini göz önünə gətirərək, daha çox çalışırlar ki, həmin neqativ hallar, nöqsanlar və problemlər ört-basdır edilsin, mümkün qədər bunlar prezidentin diqqətində olmasın. Bu da, əlbəttə, problemlərin qalmasına, əhalinin narazılığının artmasına gətirib çıxaran vəziyyətdir. Ölkə başçısı bunun fərqindədir. Ona görə təbii olaraq, prezidentin əlində geniş informasiya mənbələri var. Bu mənbələr müxtəlif kanallarla cənab prezidentə çatdırılır. Görünür, bunlar da kifayət etmir. Ona görə də məhz ictimai-nəzarət institutunun ölkəmizdə yaradılması ciddi əhəmiyyət kəsb etdiyi üçün belə bir institutun formalaşmasını cənab prezident çox zəruri hesab edir.

Bu, hansı formada həyata keçirilməlidir sualınıza gəlincə, əlbəttə, hər şeydən əvvəl ölkə prezidentinin elektron poçtu var. Bu poçt vasitəsilə, eyni zamanda Kütləvi İnformasiya Vasitələri ilə həmin problemləri önə çəkməklə, gündəmə gətirməklə nöqsanların aradan qaldırılması mümkün ola bilər. Bu baxımdan düşünürəm ki, burada KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Həm yazılı, həm elektron mətbuatımız, həm də sosial şəbəkələr ictimai nəzarətdə çox fəal və ciddi oynamalıdırlar. Digər tərəfdən, təbii ki, parlamentə seçilən deputatlar ölkədə gedən prosesləri, qarşılaşmış olduqları nöqsanları, neqativ halları diqqətdə saxlamalı və bunun ictimailəşməsi üçün səylərini artırmalıdırlar. Bu da ictimai nəzarətin mühüm formalarından biridir. Eyni zamanda ictimai şuralar yaradılıb. Bu şuraların yaradılması prosesi genişləndirilməli, ora müstəqil insanlar cəlb olunmalıdır. Bütün icra strukturlarında bu nəzarət şuralarının fəaliyyətinin yüksək səviyyədə qurulması həm də bu və ya digər sahələrdə problemlərin araşdırılıb aradan qaldırılmasını təmin edərdi. Nəticədə problemlər, nöqsanlar və neqativ hallar prezidentə qədər gedib çıxmazdı. Düşünürəm ki, bu imkanlardan da istifadə etməyə böyük ehtiyac var".

F.Ağamalı ölkə prezidentinin fikirlərinin arxasında dayanan mətləblərə də toxundu: “Bütövlükdə cənab prezidentin söyləmiş olduğu fikirlərin arxasında dövlətimizin güclənməsi, Azərbaycan xalqının maraqlarının təmin edilməsi və xalqımıza məmurların təmənnasız xidmət göstərməsinin həyata keçirilməsi və həqiqətən fərqli vətəndaş-məmur münasibətlərinin formalaşmasının reallaşması dayanır. Bu da ölkə prezidentinin həyata keçirmiş olduğu islahatların mühüm, vacib tərkib hissəsidir”.//musavat.com
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 27-12-2019, 11:25