Çində 630 kəndin uyğur adları dəyişdirilib
Çin hakimiyyət orqanları ölkənin Sintzyan-Uyğur Muxtar Rayonunda 630 kəndin adını dəyişiblər.
Azadlıq Radiosu xəbər verir ki, bu barədə beynəlxalq insan haqları təşkilatı - Human Rights Watch (HRW) və Norveçdə mənzillənmiş Uyghur help qrupunun birgə araşdırmasının hesabatında deyilir.
HRW-un Çin üzrə direktoru vəzifəsini icra edən Mayya Vanq deyib:
"Çin hakimiyyəti Sintzyanda uyğurca zəngin mənaya malik yüzlərlə adı dəyişdirərək onları Çin hökumətinin təbliğatına uyğunlaşdırıb”.
Tədqiqatçıların verdiyi məlumata görə Çin hakimiyyəti 2009-cu ildən 2023-cü ilədək Sintzyandakı 25 min yaşayış məntəqəsindən 3600-nün adına düzəliş edib.
Bu da qeyd olunur ki, 630 halda adlarda uyğurların din və tarixini əks etdirən terminlər dəyişdirilib.
Məsələn uyğur adlarından 1949-cu ildə Çin Xalq Respublikası təşkil edilənədək mövcud olmuş dövlət və lider terminləri, sultan, orda, dütar kimi sözlər çıxarılıb.
1944-cü ildən 1949-cu ilədək keçmiş SSRİ-yə bağlı Şərqi Türküstan İnqilabi Respublikası mövcud olub. Bu respublika 1949-cu ildə könüllü olaraq Çinə birləşib.
Mayya Vanq hesab edir ki, adların bu sayaq dəyişdirilməsi Çin hökumətinin uyğurların tarix və mədəniyyətini yer üzündən silmək siyasətinin bir hissəsidir.
KARUSEL / DÜNYA
Tarix: 31-07-2024, 14:54