Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticələr əldə edib
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası (MRL) Amerika Birləşmiş Ştatlarının “OTSC-Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağına qatılıb. Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Ümumi Aflatoksin” (B1, B2, G1, G2) parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, MRL-də qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri aparılır. Laboratoriya bu vaxradək ABŞ, Böyük Britaniya, Fransa və Polşada 50-dən çox göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında iştirak edərək böyük müvvəfəqiyyət qazanıb. MRL AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Almaniya Federativ Respublikasının nüfuzlu akkreditasiya qurumu olan Deutsche Akkreditierungsstelle GmbH “DAkkS” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-08-2024, 13:27