mobil versiya

"Biletin qiyməti bir çox amillərlə əlaqəlidir" - AZAL rəsmisi



"Məqsədimiz münasib qiymətlərlə sərnişinlərimizin dəyər verdiyi yüksək xidmət arasında balans tapmaqdır. Biz çalışırıq ki, hər bir sərnişinə ödənilən vəsait müqabilində maksimum rahatlıq və yüksək xidmət təqdim edilsin, bu zaman aviabiletlərin dəyərinin də yüksək hesab edilə biləcəyini anlayırıq".

Bunu “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə deyib.
Biletin qiyməti bir çox amillərlə əlaqəlidir və heç də hər zaman aviaşirkətin istəklərindən birbaşa asılı deyil. Anlamaq lazımdır ki, biz təkcə hava gəmiləri parkımıza xidmət göstərilməsinə və onun təkmilləşdirilməsinə sərmayə qoymuruq, həm də biletlərin son dəyərinə təsir edən dəyişkən yanacaq qiymətləri və digər istismar xərcləri ilə üzləşirik.
Təəssüf ki, COVID-19 pandemiyası və onun məlum nəticələri bütün aviasiya sənayesinə mənfi təsir göstərərək aviaşirkətlərin xərclərini və nəticədə bilet qiymətlərini artırmışdır. Xərcləri optimallaşdırmaq üçün tərəfimizdən fəal iş aparılır, lakin xidmət keyfiyyəti baxımından qənaət etmək istəmirik.
Artıq sərnişinlərə daha münasib uçuşların təqdim olunması istiqamətində müvafiq tədbirlər görülüb. Aşağıbüdcəli aviaşirkətlər ilə klassik şirkətlər arasındakı fərq sürətlə azalır, bu, müasir tendensiyadır. Demək olar ki, AZAL-ın bütün reyslərində ödənişsiz baqaj xidməti təqdim edilmədən və biletin qaytarılması və yenidən təxsis edilməsi ilə bağlı ciddi şərtlər irəli sürülməklə xüsusi büdcə tarifi tətbiq edilib ki, bu da onu digər tariflər sinfi ilə müqayisədə daha ucuz edir.

Endirim kampaniyaları haqqında da unutmayaq. Son iki il ərzində tərəfimizdən müxtəlif endirim kampaniyaları fəal şəkildə keçirilir.
Belə kampaniyalar həm müştərilər, həm də aviaşirkət üçün əlverişlidir və qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırır. Sərnişinlər daha münasib qiymətə bilet almaq imkanı əldə edirlər, aviaşirkət üçün isə onun haqqında məlumatlılıq səviyyəsinin və reyslərdə sərnişin oturacaqlarının tutulma faizinin artmasına şərait yaranır.
Uğurlu kampaniyalar haqqında nümunə gətirmək istərdim. Belə ki, 23 noyabr 2023-cü il tarixində “qara cüməyə” həsr olunmuş “Uçuran kampaniya” adlanan aksiya zamanı AZAL ənənəvi endirimləri yenilənmiş mobil tətbiqinin təşviqi ilə birləşdirdi. Bir gün ərzində minlərlə insan 40 istiqamət üzrə endirimli qiymətlərlə bilet əldə etdi. Həmin gün AZAL-ın onlayn satış platformasına 100 mindən çox insan keçid aldı. Nəticələr inanılmaz oldu: “Android” və iOS platformalarında tətbiqin yüklənməsinə görə aviaşirkətimiz regionda birinci yerə yüksəldi və kampaniyanın bir günü ərzində 11 min bilet satıldı.
Bu tədbirlər nəticəsində 2024-cü ilin ilk altı ayı ərzində AZAL-ın aviabiletlərinin orta qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 % aşağı düşüb.
Biz sərnişinlərimiz üçün daha cəlbedici təkliflərin təqdim edilməsinə yönəlmiş bənzər kampaniyaları və digər tədbirləri davam etdirəcəyik.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-08-2024, 10:50