mobil versiya

Kamboca mina təhlükəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirir



Azərbaycan və Kamboca arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq genişləndirilir.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) byu barədə məlumat yayıb.

Bildirilir ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Kamboca Krallığına səfəri zamanı müzakirə aparılıb.
ANAMA nümayəndə heyəti həmin ölkənin humanitar minatəmizləmə sahəsi üzrə məsul təşkilatları olan Kamboca Minatəmizləmə və Minadan Zərərçəkənlərə Yardım Qurumunun (CMAA) Vitse-prezidenti Prum Sofeakmonkul və İcraçı direktoru Li Panhariz, eləcə də Kamboca Minatəmizləmə Mərkəzinin (CMAC) Baş direktoru Henq Ratana ilə görüşləri təşkil edilib.

Görüşlərdə mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri, minatəmizləmə fəaliyyətində tətbiq edilən metodologiyalar, eləcə də təlim imkanları ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, həmin ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin ASEAN departamenti və mina təhlükəsi ilə mübarizə üzrə məsul Dövlət katibinin müavini Ke Sovann ilə görüş keçirilib. Görüşdə mina və müharibənin digər partlayıcı qalıqları ilə ən çox çirklənən ölkələr sırasında olan Azərbaycan və Kambocanın üzləşdiyi mina təhlükəsinin miqyası barədə qarşılıqlı olaraq məlumat verilib, bu sahədə gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərdə Azərbaycan Respublikasının iqamətgahı Hanoy şəhərində olmaqla, eyni zamanda Kamboca Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə də iştirak edib.

Səfər çərçivəsində ANAMA nümayəndə heyəti təlim imkanları, tədris metodikası və vəsaitləri ilə tanışlıq, habelə bu sahədə Kambocanın təcrübəsinin öyrənilməsi məqsədilə CMAC-ın Təlim Mərkəzinə baş çəkib.
Həmçinin, Kambocanın minalarla ən çox çirklənmiş bölgələrindən biri olan Siem Reap vilayətinə səfər edərək, CMAC tərəfindən icra edilən minatəmizləmə əməliyyatları, əl ilə minatəmizləmə, minaaxtaran it və siçovulların fəaliyyəti, eləcə də istifadə edilən alət və avadanlıqlarla tanış olub.
Siem Reap vilayətinə səfər çərçivəsində nümayəndə heyəti CMAC-ın nəzdində fəaliyyət göstərən “Sülh Muzeyi”nə baş çəkib. Muzeydə Kambocanın üzləşdiyi mina problemini nümayiş etdirən mina və müharibənin partlayıcı qalıqları, eləcə də müharibə dövrünə aid müxtəlif əyani eksponatlar sərgilənib.
"Cənub-Şərqi Asiyanın mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan ölkələri ilə bu sahədə təcrübə mübadiləsinin aparılması Agentliyin gələcək fəaliyyətinə öz müsbət töhfəsini verəcək", - məlumatda qeyd edilib.




KARUSEL / CƏMİYYƏT
Tarix: 30-08-2024, 10:54