mobil versiya

Respublikaya 49 ölkədən yem və yem məhsulları idxal olunub



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən xarici qida obyektlərindən yem və yem əlavələrinin idxal prosesi davam etdirilir.

Məlum olduğu kimi, yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanun 2023-cü il 1 yanvar tarixindən etibarən qüvvəyə mindikdən sonra bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla yeniliklər tətbiq olunub, sadələşdirmə işləri aparılaraq yem və yem əlavələri məhsullarına münasibətdə qeydiyyat tələbi ləğv edilib. Belə ki, yem məhsullarının idxalı üçün artıq qeydiyyat tələbi ləğv edildiyindən ənənəvi yemlərin ölkəyə idxalında prosedurların sadələşdirilməsi həyata keçirilib və yem məhsulları idxal etmək istəyən təsərrüfatların özlərinə uyğun ölkədən qeydiyyat tələbi olmadan yem məhsullarının idxalı imkanı yaradılıb. 
Qeyd edək ki, Qanunda yem əlavələri ilə bağlı tətbiq edilmiş yeniliklərdən biri onların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi obyektlərin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qaydada təsdiq edilməsidir. Belə ki, yem əlavələri istehsal edən obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu yerində və ya videoinspeksiya formatında qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin siyahısına daxil edilib.
Hazırda bir neçə yem əlavələri istehsal edən xarici obyektlər Agentlik tərəfindən təsdiq edilib və həmin obyektlərdən qeyd olunan məhsulların ölkəyə idxalı davam etdirilir.
Cari il ərzində ölkəmizə əsasən Rusiya, Argentina, Türkiyə, Çin, Ukrayna və Almaniya daxil olmaqla, ümumilikdə, 31 (ötən ilin eyni dövrü üzrə 27) ölkədən yem və yem məhsulları idxal olunub. Həmçinin cari il ərzində ölkəmizə əsasən Rusiya (47%), Argentina, Türkiyə və Almaniya daxil olmaqla, ümumilikdə, 16 ölkədən quş yemi idxal edilib. 
Bildiririk ki, cari il ərzində heyvan və quş yeminin idxalında artım müşahidə olunub. O cümlədən heyvan və quş yeminin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% artıb. Həmçinin amin turşusu tərkibli yem əlavələrinin də idxalında artım müşahidə olunub. Belə ki, cari ildə amin turşusu tərkibli yem əlavələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 48% artıb. Cari il ərzində isə ölkəmizə əsasən Çin, Fransa, Belçika, Türkiyə daxil olmaqla, ümumilikdə, 8 ölkədən amin turşusu tərkibli yem əlavələri idxal olunub.
Bu sahədə aparılan təhlillər bir daha onu göstərir ki, quş əti və quşçuluq məhsullarının qiymətinin artması ilə bağlı bəzi media resurslarında edilən manipulyativ çıxışlar, o cümlədən guya bu məhsulların istehsalı zamanı xərclərin çoxaldığı, yem ehtiyatının azaldığı və buna səbəb kimi ölkəyə idxal olunan yem məhsulları ilə bağlı tətbiq olunan yeni qaydaların əsas göstərməsi kimi iddialar həqiqətə söykənməyən və obyektivlikdən kənar məlumatlardır.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-09-2024, 16:36