mobil versiya

Astanada “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub


Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. Sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub.

Reportyor.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərginin ümumi konteksti mədəni irsimizin tanınmasını təmin edən, onun özünəməxsusluğunu vurğulayan sənət sahələrinin təqdimatı üzərində qurulub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilində milli muzey kolleksiyaları ilə yanaşı, fərdi kolleksiya da təmsil olunur. 

Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgidə ekspozisiyasını interpretasiya istiqamətində qurub. Burada Xalq rəssamı, peşəkar qrafika sənətimizin banilərindən olan Əzim Əzimzadənin əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir olunan mühit muzey eksponatları vasitəsilə tamaşaçıya ötürülür. XX əsrin əvvəllərində istifadə olunan məişət əşyaları, ənənəvi geyim nümunələri və digər artefaktlar zamanın ab-havasını yaradır. Azərbaycan Milli Xalça Muzeyi 20-dən artıq xalça nümunəsi təqdim edir. Kolleksiyada Azərbaycanın xalça məktəblərinə dair nümunələr və müəllif xalçaları yer alıb. 

Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edib.

Reportyor.az


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-09-2024, 09:16