Süleyman Sani Axundovun anadan olmasından 149 il keçir
Bu gün Süleyman Sani Axundovun anadan olmasının 149 ili tamam olur.
Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada anadan olub. O, 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, Bakıda məktəb müdiri vəzifələrində çalışıb. Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə “Əmək qəhrəmanı” adına layiq görülüb. İlk əsəri “Tamahkar” komediyasını böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərinin təsiri ilə qələmə alıb. Bundan başqa, yazıçı “Dibdat bəy”, “Türk birliyi” komediyalarının, “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” kimi pyeslərin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Bir nasir kimi yazdığı “Qonaqlıq”, “Kövkəbi-hürriyyət”, “Yuxu” kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir. 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. O, dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Süleyman Sani Axundov 1939-cu ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 4-10-2024, 09:43