Nərimanov rayonunda dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, o cümlədən COP29 tədbiri ərəfəsində qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Bu çərçivədə dönərxanalarda keçirilən monitorinqlər zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 1959 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Taleh Nizaməddin oğluna məxsus “Bakinski Dönər Evi” ictimai iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, dönərin hazırlanmasında istifadə olunan məhsulların təhlükəsizliyinin təsdiqinə dair sənədlərinin mövcud olmadığı, mayonezin uyğun temperaturda saxlanması üçün müvafiq avadanlığın təmin edilmədiyi, divar səthlərinin gigiyenik materialla üzlənmədiyi və tamlığının pozulduğu, sanitar qovşağın qapısının yuma sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, təmizlik ləvazimatları üçün ayrıca sahə və ya dolabın təşkil edilmədiyi, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçinin tibbi müayinədən keçmədiyi, sanitar geyimlə təmin olunmadığı, gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-10-2024, 16:46